Sabit Orucov

Sabit Atababa oğlu Orucov — neft-qaz sənayesinin görkəmli təşkilatçılarından biri, SSRİ Qaz sənayesi naziri (1972-1981), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1967), Sosialist Əməyi Qəhrəmanı[1] (1980), Lenin (1970) və Stalin mükafatları (1951, 1951) laureatı, texnika elmləri doktoru, Azərbaycan SSR əməkdar elm xadimi. Sov.İKP Mərkəzi Komitəsi üzvlüyünə namizəd (1976-1981), 1953—1954, 1958—1962-ci illərdə və 1974-cü ildən vəfatınadək SSRİ Ali Sovetinin deputatı.
1912-ci il mayın 30-da Bakıda doğulmuşdur. Orta təhsilini Bakıda almış, 1929-31-ci illərdə orta məktəbdə dərs demiş, 1931-36-cı illərdə Azərbaycan Neft Sənayesi İnstitutunda oxumuşdur.
1936-46-cı illərdə S.Orucov kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olmuşdur. “Ordconikidzeneft”in idarə rəisi, “Azərneftkombinat”da qazma üzrə rəis müavini, “Azneftdə” baş mühəndis işləmişdir.
1946-47-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947-49-cu illərdə “Krasnodarneft” birliyində rəisin birinci müavini-baş mühəndis, 1949-53 və 1955-57-ci illərdə SSRİ Neft sənayesi nazirinin müavini, 1957-59-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959-62-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, 1962-65-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi məsələlərilə məşğul olmuş, 1965-72-ci illərdə SSRİ Neft sənayesi nazirinin birinci müavini, 1972-81-ci illərdə SSRİ Qaz sənayesi naziri olmuşdur.
S.A.Orucov Xəzər dəniz neft yataqlarında xüsusilə də neft daşlarında neft çıxarılmasına böyük əmək sərf etmişdir.
SSRİ qaz sənayesinin inkişafında böyük xidmətləri olmuşdur. Xüsusilə Sibirdə qaz sənayesinin inkişafına diqqət yetirirdi. SSRİ Neft komitəsinin sədri və dünya neft konqreslərinin sədr müavini seçilmişdir. “Yüksəkdərinlikli iribloklu dəniz neft buruqları özülləri”, “İranın neft sənayesi”, “Qaz sənayesi inkişaf yolunda” kimi əsərlərin müəllifidir.
Sabit Orucov dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçilmiş, SSRİ orden və medalları ilə təltif olunmuşdur.
1981-ci il aprelin 20-də Moskvada vəfat etmiş və Novodeviçi məzarlığında dəfn olunmuşdur.