Tahir Salahov

Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub.[1] 1937-ci ildə onun atası Teymur Laçın rayonunun birinci katibi vəzifəsinə təyin edilmişdir.[1] Bu onun sonuncu iş yeri olmuşdur.[1] 1937-ci il sentyabrın 29-da atasını həbs edib, ona trotskist-zinovyevçi əks-inqilabçı təşkilatının üzvü, ziyankar, terrorçu və Azərbaycanı SSRİ-dən ayırmağın təşəbbüskarı kimi dörd ən ağır ittiham irəli sürüb, xalq düşməni damğası vurdular.[1] O, doqquz aydan sonra iyulun 4-də isə güllələnmişdir.[1] Protokolda yazılmışdı ki, istintaq zamanı Teymur Salahov özünü günahkar hesab etməyib, etiraz səsini ucaltmış, lakin cəmi 15 dəqiqə sürən məhkəmə güllələnmə qərarı çıxarmış və bu qərar dərhal həyata keçirilmişdi.[1] Evdar qadın olan anası Sona xanım beş uşaqla təkcə qalmışdır.[1] Böyük qardaşı Sabirin 11, ortancıl qardaşı Mahirin 10, özünün 9, kiçik bacısı Zərifənin 5 yaşı, körpə Leylanın isə cəmi 2 aylıq idi.[1]

O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.[1] 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, daha sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olmuşdur.[1] 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olmuşdur.[1] 1955-ci ildə “Dalğa” və “Estakada” adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir.[1] O, 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirmişdir.[1] Diplom işi olan “Vaxtada” əsəri ilə Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş Ümumittifaq sərgisində iştirak etmişdir.[1] Həmin ildə Tahir Salahov SSRİ Rəssamlıq İttifaqına üzvlüyə qəbul edilmişdir və gənclərin və tələbələrin VI Ümumdünya festivalı çərçivəsində Moskvada keçirilən gənc rəssamların əsərlərinin Beynəlxalq sərgisində iştirak etmişdir.[1] 1958-ci ildə “Səhər eşelonu” əsərini çəkmişdir.[1] 1959-cu ildə “Rezervuar parkı”, “Neftçi” əsərlərini çəkmişdir. O, həmin ildə sosialist ölkələrinin təsviri sənət əsərlərinin Moskvada keçirilən Beynəlxalq sərgisində iştirak etmişdir.[1]

1960-cı ildə “Təmirçilər” və “Qara Qarayevin portreti” əsərlərini çəkmişdir.[1] 1960-1961-cı illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, sonra dosent vəzifəsini yerinə yetirmişdir. 1960-cı ildə “Xəzər üzərində” əsərini çəkmişdir.[1] 1963-cü ildə Tahir Salahov sülhü müdafiə Sovet Komitəsinin və SSRİ Rəssamlar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.[1] O, həm də Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.[1] 1963-cü ildə Parisdə Beynəlxalq gənc rəssamların əsərlərindən ibarət sərgidə iştirak etmişdir.[1] 1963-1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.[1] O, 1963-cü ildən 1974-cü ilə qədər M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda professor vəzifəsində çalışıb.[1] 1964-cü ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.[1] 1966-cı ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilmişdir.[1] 1966-1970-ci illərdə 7-ci çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1967-ci ildə Oktyabr inqilabının 50 illiyinə həsr olunmuş Ümumittifaq bədii sərgisində “Abşeron qadınları”, “Bəstəkar Fikrət Əmirovun portreti” və “Aydan” işləri ilə iştirak etmişdir.[1] 1968-ci ildə SSRİ rəssamlar İttifaqının idarə heyətinin katibi seçilmişdir.[1]

1970-1974-cü illərdə 8-ci çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.[1] 1971-ci ildə SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş Ümumittifaq rəssamlıq səgisində iştirak etmişdir.[1] 1972-ci ildə Azərbaycan SSR Rəssamlar İttifaqı idarə heyətinin sədri seçilmişdir.[1] Həmin ildə “SSRİ – bizim vətənimizdir” Ümumittifaq sərgisinin iştirakçısı olmuşdur.[1] 1973-cü ildə SSRİ Rəssamlarının IV qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi seçilmişdir.[1] Professor elmi adı təsdiq edilmişdir.[1] 1973-cü ildən 1992-ci ilə qədər SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi olmuşdur.[2] 1974-cü ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda Dəzgah Boyakarlığı Yaradıcılıq Emalatxanasına rəhbərlik etmişdir.[3] 1975-ci ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilmişdir.[1] 1976-cı ildə Təsviri İncəsənət Beynəlxalq Assosiasiyasının icraiyyə komitəsinin üzvü seçilmişdir. 1977-ci ildə SSRİ rəssamlarının V qurultayında SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi seçilmişdir.[1] O, həmin ildə Oktyabr inqilabının 60 illiyinə həsr olunmuş “Leninizm yolu ilə” Ümumittifaq sərgisində iştirak etmişdir.[1] 1978-ci ildə Helsinkidə keçirilən “Realist” Beynəlxalq sərgisində iştirak etmişdir.[4] Həmin il onun Moskvada əsərlərinin fərdi sərgisi təşkil olunmuşdur.[5] 1979-cu ildə Tahir Salahovun Yaponiyanın Tokio və Çexiyanın Praqa şəhərində əsərlərinin fərdi sərgisi təşkil olunmuşdur.[6] O, 1979-cu ildən 1997-ci ilə qədər SSRİ Rəssamlıq Akademiyasının Rusiya Rəssamlıq Akademiyası rəyasət heyətinin üzvü olmuşdur.[7]

1980-ci ildə 10-ci çağırış RSFSR Ali Sovetinin deputatı seçilmişdir.[1] Onun həmin ildə Çexiyanın Praqa şəhərində əsərlərinin fərdi sərgisi təşkil olunmuşdur.[1] 1982-ci ildə Tahir Salahov SSRİ Rəssamlıq Akademiyasının rəyasət heyətinin üzvü seçilmişdir.[1] O, həmin ildə Sofiyada realist anqajir rəssamlığı Triennalesində, Xorvatiyanın Riyeka şəhərində keçirilən Beynəlxalq rəsm biennalesində və SSRİ-nin yaradılmasının 60 illiyinə həsr edilmiş “SSRİ – bizim vətənimizdir” Ümumittifaq sərgisinin iştirakçısı olmuşdur.[1] 1983-cü ildə SSRİ Rəssamlarının VI qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi, Avstriya Rəssamlar İttifaqının fəxri üzvü və UNESCO-nun nəzdində Millətlərarası plastik incəsənət Assosiasiyasının vitse-prezidenti və fəxri prezidenti seçilmişdir.[8][9] 1984-cü ildə 11-ci çağırış RSFSR Ali Sovetinin deputatı seçilmişdir.[1] O, həmin ildə Ümumittifaq “Yer və insanlar” sərgisində iştirak etmişdir və “Dananın portreti” əsərini çəkmişdir.[1] Tahir Salahov 1984-cü ildən 1992-ci ilə qədər V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunun Rəssamlıq və kompozisiya kafedrasının müdiri işləmişdir.[1] 1986-cı ildə “Xəzərdə səhər” əsərini çəkmişdir. 1987-ci ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilmişdir.

1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilmişdir.[1] 1996-cı ildən Rusiya Federasiyasının Xalq rəssamıdır.[12] 1996-ci ildən 2000-ci ilə qədər elm, təhsil, səhiyyə və mədəniyyət üzrə Palatanın sədrinin müavini, Rusiya Federasiyası Prezidenti Yanında Yaradıcılıq İttifaqları ilə Əlaqələr Komissiyasının Siyasi məşvərət şurasının sədri kimi fəaliyyət göstərmişdir.[1] 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib.[13] O, 1998-ci ildə Qırğızıstan Respublikasının Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Ekoenerji Beynəlxalq Akademiyasının akademiki və İspaniyanın San-Fernando Gözəl Sənətlər Kral Akademiyasının müxbir üzvü seçilmişdir.

2011-ci ildə Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü və Almaniya Rəssamlar İttifaqının fəxri üzvü seçilmişdir.[15] 2012-ci ildə Ulyanovskda keçirilən A.A.Plastova adına təsviri incəsənət sahəsində beynəlxalq mükafatın – “Beynəlxalq Adlar” nominasiyasının laureatı adına layiq görülmüşdü.[16] 2012-ci ildə Bakının İçərişəhərtarixi-memarlıq qoruğunun İlyas Əfəndiyev küçəsində ev-muzeyi açılıb.[17] Ev-muzey Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıbdır.

Tahir Salahovun əsərlərinin bir qismi xalça üzərinə köçürülmüş və 2018-ci ildə Bakıda keçirilən “Ənənələrin izi ilə” adlı sərgidə nümayiş olunmuşdur. Bu işlər xalçaçı rəssam Tariyel Bəşirov tərəfindən 10 il müddətinə hazırlanmışdır.