Məsud Əfəndiyev

Humboldt mükafatı alan ilk azərbaycanlı alim Məsud Əfəndiyev
Məsud Arif oğlu Əfəndiyev 1953-cü il oktyabrın 21-də Zaqatala rayonunda anadan olub. 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Daha sonra təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, aspirantura, doktorantura pilləsinə qalxaraq, namizədlik, doktorluq dissertasiyalarını müdafiə edib.1991-ci ildən daimi əsaslarla Almaniya Federativ Respublikasında yaşayır və çalışır.
1998-ci ildə Berlin Azad Universitetində (FU-Berlin) fizika-riyaziyyat elmləri doktorluq dissertasiyasını müdafiə edib. Məsud Əfəndiyev Almaniyanın müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib.
Hal-hazırda dünyanin ən nüfuzlu elm mərkəzlərindən sayilan H. Helmholtz adına Münhen Elmi Tədqiqatlar Mərkəzinin aparıcı alimi olmaqla yanaşı, riyaziyyatın səhiyyə, biologiya, ekologiya sahələrinə tətbiqi üzrə dünyanın aparıcı mütəxəssislərindən biri sayılır.
O, dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb. 2005-ci ildə Yaponiyanın nüfuzlu «Japan Society for the Promotion of Scionce – JSPS» təşkilatının mükafatına layiq görülüb.
M.Əfəndiyev, Almaniya, ABŞ, Yaponiya, İngiltərədə dərc olunan 10-dan cox elmi jurnalın redaksiya heyətinə daxildir. Eyni zamanda, “International Journal of Biomathematics and Biostatistics (IJBB)” jurnalının baş redaktorudur. Onun dünyanın aparıcı riyaziyyat jurnallarında dərc olunmus 160-a yaxın elmi məqaləsi var.