Pərvanə Hacıyeva

Biokimya üzrə tanınmış alim, Almaniyanın Maynts Universitetinin tibb üzrə professoru
Pərvanə Hacıyeva 1973-cü ildə Gürcüstanın Marneuli şəhərində anadan olmuşdur. 1979-1988-ci illərdə Marneuli rayonunun Şulaveri orta məktəbində təhsil almışdır. 1989-cu ildə Gəncə şəhərindəki 17 nömtəli orta məktəbi „Gümüş medal“la başa vurmuşdur.
1991-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olur. Burada o tibbi biologiya ixtisası üzrə təhsil alır.
1996-cı ildə təhsilini bu ali məktəbdə başa vurduqdan sonra o AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır.
Pərvanə Hacıyeva 1998-ci ildə Florens şəhərində yerləşən „Nüvə maqnit rezonansı mərkəzi“ndə doktoranturaya daxil olmuşdur. Burada o məşhur alim Prof. Ivano Bertininin rəhbərliyi altında metallproteinlərin struktur-bioloji araşdırılması ilə məşğul olmuşdur. Doktoranturada təhsil aldığı dövrdə mətbuatda çalışdığı sahə üzrə elmi məqalələrlə çıxış etmişdir. 2000-ci ildə „Təbii və modifikasiya olunmuş sitoxromların struktur və çeviklik xassələri“ mövzusunda hazırladığı dissertasiya işini uğurla müdafiə edərək FlorensiyaUniversitetində kimya sahəsi üzrə „Doktor“ elmi dərəcəsini qazanmışdır.
Doktoranturada təhsilini başa vurduqdan sonra 2001-2002-ci illərdə elmi fəaliyyətini Münhen şəhərində yerləşən Maks Plank Elmi Tədqiqat İnstitutunun “Psixiatriya” bölməsində davam etdirmişdir.
2002-ci ildə Maynts Tibb Universitetinin „Fizioloji kimya institutu“nda elmi işçi kimi fəaliyyətə başlayır. 2006-cı ildə Maynts Universitetinin Patobiokimya İnstitutunda təşkil olunmuş „Oksidativ stress, antioksidantlar və mitofagiya“ elmi işçi qrupuna rəhbər təyin olunmuşdur. Bu qrupa rəhbərlik çərçivəsində Pərvanə Hacıyeva bu sahədə mövcud problemlərin dərindən araşdırılması ilə bərabər, müxtəlif istiqamətlərdə görülən elmi layihələri koordinasiya etmiş, tələbə və doktorant işlərinə rəhbərlik etmişdir.
2016-cı ildə Pərvanı Hacıyeva biokimya sahəsi üzrə hazırladığı dissertasiya işini Maynts Tibb Universitetində müdafiə edərək “Dr.chem. et med. habil ” elmi dərəcəsinə layiq görülmüşdür.
2016-cı ilin oktyabr ayında Maynts Universitetində „Patobiokimyəvi adaptasiya” sahəsi üzrə professor vəzifəsinə təyin olunmuşdur.
Pərvanə Hacıyeva 2009-cu ildən Maynts Universitetində müalicə işi və stomatologiya ixtisasları üzrə buraxılış imtahan komissiyasının üzvüdür.
P.Hacıyevanın elmi işləri “Selüllar adaptasiya və metabolizm” mövzusu ətrafında cəmləşir. Onun rəhbərliyi altında aparılan tədqiqiatlar stress şəraitində hüceyrələrdə yer alan adaptiv mexanizmlərin tədqiqini əhatə edir. Problemin eksperimental tədqiqində həm mövcud, həm də aktual olan analitik, biokimyəvi, genetik və bioinformatik metodlardan istifadə olunur. Tədqiqatlar canlı vitro sistemlərlə bərabər (hüceyrə strukturları), həmçinin vivo modellər (Caenorhabditis elegans, gəmiricilər və insan toxumaları nümunələri) üzərində aparılır. Mitoxondrial disfunksiya, oksidadtiv stress, həmçinin hüceyrəvi enerji çatışmamazlığı hüceyrələrdə yaranan kompleks stresin induksiya olunmasına gətirib çıxarır. İnduksiya olunmuş nəticənin yalnız kiçik bir hissəsi sıxılmış şəkildə mövcud olur və real halda stresə qarşı müqavimətin adaptiv artırılmasına və bununla hüceyrənin daha yaxşı funksionlallığına şərait yaradır. Tədqiqatların əsas məqsədi hüceyrələrin müqavimətinini artıran və onların funksiyalarının stabilləşdirəbilən adaptasiya mexanizmlərinin erkən üzə çıxarılması və izah olunmasından ibarətdir. Bununla degenerativ xəstəliklər zamanı hüceyrələrin uzun müddət həyatda qalmasına şərait yaratmaq öndə durur.