Rezo Əliyev

Almaniyada qazanılmış texnika üzrə “Doktor-mühəndis” elmi dərəcəli, Azərbaycan əsilli alman mühəndisi.
Rezo Əliyev 20 aprel 1968-ci ildə Gürcüstanda anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirmiş və həmin ali məktəbdə gənc tədqiqatçı kimi işlə təmin olunmuşdur. 1992-1995-ci illərdə AzTU-da professor Həsən Hüseynovun rəhbərliyi altında elmi-tədqiqat işi ilə məşğul olmuşdur. Bu dövrdə maşınqayırma sahəsində aparıcı elmi jurnallarda bir çox elmi məqalələrlə çıxış etmişdir.
Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən layiq görüldüyü təqaüdə əsasən, 1995-ci ildə Frayberq Texniki Universitetinə ezam olunmuşdur. 1995-1997-ci illərdə bu Universitetdə müxtəlif elmi tədqiqat layihələrində iştirak etmişdir. Frayberq Texniki Universitetinin maşınqayırma fakültəsinin Elmi Şurasının qərarı ilə 1997-ci ildə həmin Universitetdə doktoranturaya qəbul olunmuşdur.
Maşınqayırmada yüksək texnologiyalar istiqamətində yazdığı dissertasiyanı 5 yanvar 2001-ci il tarixində müdafiə edərək, Almaniya Federativ Respublikasında ilk azərbaycanlı olaraq “Doktor-mühəndis” elmi dərəcəsinə yiyələnmişdir.
R.Əliyev maşınqayırmada yüksək texnologiyalar sahəsində məşğul olduğu problemlər üzrə 60-dan çox elmi məqalənin və ondan çox patentin müəllifidir. Tərcümeyi halı və elmi fəaliyyət sahəsi haqqında məlumatlar 2007-ci ildə ABŞ-da çap olunmuş “Who’s Who in Science and Engineering 2008-2009“ kitabına daxil edilmişdir.
2001-ci ildə Rezo Əliyev avtomobil sənayesi üçün metal prototiplərin hazırlanması sahəsində dünyada aparıcı müəssisə sayılan, “3D Çapetmə” texnologiyasının tətbiqçisi olan ACTech GmbH firmasına işə dəvət olunmuşdur. Burada o, alman həmkarları ilə birgə Frayberq Texniki Universitetində çalışdığı dövrdə yeni işlədiyi və patentləşdirilən frezləmə texnologiyasının bazasında yeni istehsal sahəsinin yaradılması ilə məşğul olmuşdur. Həmin ildə təməli qoyulan qəliblərin frezlənməsi şöbəsində effektiv hazırlama üsulunun tətbiqi ili indiyə qədər minlərcə avtomobil hissələri hazırlanmışdır. Rezo Əliyevin davamlı apardığı elmi-tədqiqat işləri şöbədə tətbiq olunan frezləmə texnologiyasının digər üsullarla rəqabətə davamlılığını artırmışdır.
Onun əsas fəaliyyət sahəsinə firmadaxili yeni texnoloji proseslərin işlənməsi və tətbiqi ilə bərabər, müəssisə ilə elmi-tədqiqat institutları arasında aparılan elmi işləri və həmçinin müəssisənin patent işlərini koordinasiya etmək də aiddir. Son illər Almaniyada istehsal proseslərinin uğur açarı sayılan “3D Çapetmə” texnologiyası ilə bağlı görülən elmi işlərin koordinasiyası, firmanı müvafiq elmi konfranslarda və peşəkar görüşlərdə təmsil etmək Rezo Əliyevə tapşırılmışdır.
Rezo Əliyev, eyni zamanda Azərbaycanda keçirilən bir sıra elmi-texniki konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Həm Almaniyada, həm də Azərbaycanda təhsil alan tələbələrlə sıx əlaqəyə malikdir. Onun tərtib etdiyi kitablar Azərbaycanda texniki profilli ali məktəb tələbləri tərəfindən dərs vəsaiti kimi istifadə edilir.