Toğrul Nərimanbəyov

Nərimanbəyov Toğrul Fərman oğlu 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirmişdir.
Nərimanbəyovun yaradıcılığının ilk dövrünə aid əsərlərə “Bayıl mənzərəsi”, “Fırtınadan da güclü”, “Səadət”, “Sevinc”, “Həyat naminə”, “İşıqlı gələcək uğrunda” və başqaları daxildir. 1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib.
Rəssamın “Emalatxanada”, “Kafedə”, “Qız Qalası”, “Talış dağlarında”, “Yaylaqda”, “Çoban ailəsi”, “Məhsul bayramı”, “Bağda çayxana”, “Bakıda bazar” və s. əsərləri dünyaca məşhurdur.
S. Bəhlulzadə onun haqqında deyirdi: “Toğrulun əsərləri bərəkətli bir süfrəni xatırladır. Bu süfrədə hər cür nemət var. Özü də bu, doğma Azərbaycan torpağının nemətləridir! Toğrulun əsərlərindən torpağımızın ətri gəlir…” .
T.Nərimanbəyov eyni zamanda gözəl səs tembrinə malik olub. O, Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməkdən yorulmurdu. Rəssam televiziya çıxışlarının birində etiraf etmişdi: “Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, ifa olunarkən gözlərimdən yaş axır. T.Nərimanbəyov Abdulla Şaiq adına Dövlət Kukla Teatrının, Milli Məclisin binasının və keçmiş “Moskva” mehmanxanasının foyelərini bənzərsiz rəssam təxəyyülünün şahanə fantaziyası ilə qədim incəsənətimizdən gələn ənənələrə tapınmaqla, misilsiz sənət inciləri ilə bəzəyib. Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.
T. Nərimanbəyov SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş , “İstiqlal” və “Şərəf” ordeninə layiq görülmüşdür.
2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat etmişdir. Parisin mərkəzində yerləşən Passi qəbiristanlığındadəfn olunmuşdur.