Aqşin Əliyev

Aqşin Əliyev 1983-cü ilin fevralın 21-də anadan olub. Orta təhsilini Neftçala şəhər Nizami Gəncəvi adına 3 saylı orta məktəbdə aldıqdan sonra Azərbaycan Dillər Universitetinin İngilis dili və regionşünaslıq fakültəsinə daxil olub. 2001-ci ildə Çin Xalq Respublikasının A kateqoriyalı təqaüdünü alıb və Şanxay Universitetinin Çin dilinin tədrisi fakültəsinə qəbul olub . 2004-cü ildə Şanxay Universitetində Çin dili üzrə keçirilən müsabiqədə ikinci yeri tutub. 2005-ci ildə Çin dilinin filologiyası üzrə magistr təhsili alıb. Tezis mövzusu “Müasir Çin dili və Azərbaycan dilinin morfologiyasının müqayisəli təhlili” olub. 2008-ci ildə Şanxay şəhər meriyası tərəfindən doktorantura təhsili üçün verilən A kateqoriyalı təqaüdü alıb. 2013-2016-cı illərdə isə Şanxay Universitetinin post-doktorantura dərəcəsinə sahiblənib.
Aqşin Əliyev hal-hazırda Çin Sosial Elmlər Akademiyasının alimi, Pekin Xarici Dillər Universitetinin, Asiya-Afrika fakültəsinin Azərbaycan dili kafedrasının yaradıcısı və müdiridir. Eyni zamanda Pekin Universitetində mühazirələr deyir. Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun Çin üzrə koordinatorudur. Şanxay Universiteti Əcnəbi Tələbələrin Məzunlar Asossasiyasının sədr müavinidir.
Çin Xalq Respublikasında nəşr olunan bir sıra jurnal və qəzetlərdə elmi məqalələri dərc edilib. “Azərbaycanca- İngiliscə -Çincə şəkilli lüğət”in və bir sıra Çin dili üzrə lüğətlərin tərcüməçisidir. “21-ci əsr Azərbaycan Ədəbiyyatı” və “ Çin Mədəniyyəti Azərbaycanda” kitabları ilə bağlı elmi layihələrin müəllifidir.
Aqşin Əliyev 2006-cı ildə Respublika “Çin Dili Elçisi” müsabiqəsində 3-cü yerə sahiblənib. Şərqi Çin Pedoqoji Universitetinin “Ədəbi və bədii sahədəki fəaliyyətinə görə” verilən xüsusi təqaüdünü qazanıb. “2008-2009-cü illərdə Fövqaladə fəaliyyətinə görə” Şərqi Çin Pedaqoji Universitetinin xüsusi mükafatına sahib olub. İkinci “Çin Dili Körpüsü” beynəlxalq Çin dili müsabiqəsində isə 3-cü yerə sahiblənib.