Xəlil Kələntər

Xəlil Kələntər 1953-cü ildə Cənubi Azərbaycanın Miyanə şəhərində anadan olub. Tehranda Elektron Mühəndislik üzrə bakalavr təhsili, Yaponiyanın Naqoya Universitetində Sistem İdarəsi və İnformasiya mühəndisliyi üzrə magistr təhsili alıb. Toyohaşi Texnologiya Universitetində və Tohoku Texnologiya Universitetində mühəndislik üzrə fəlsəfə doktorudur.
Fəza 2-ölçülü optik təsvirlərin pilləli optik-liflərdə və addımlı optik-liflərdə ötürülməsi, opto-elektronik sensorlar və ölçü cihazları, optik- makrostrukturlu funksional cihazlar və displey optikası məsələləri üzərində işləmişdir.
Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınır. Həmin sahədə uzun müddət çalışdığına görə Xəlil Kələntərə müvafiq beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilmişdir.
Dünyada ilk dəfə işıqla yönləndirilən optik mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələr yaradıb.
X. Kələntər, eyni zamanda işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri və istehsalçısıdır.
2007-ci ilin mayında LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metodu üçün Xüsusi Mükafata layiq görülüb.
Yapon, ingilis və çin dillərində 105-dən çox məqaləsi dərc edilib.
Dünyada tanınmış 80-dən çox patentin müəllifidir.