Cahangir Novruzov

Cahangir Novruzov 1954-cü il iyul ayının 31-də Bakı şəhərində doğulub. Cahangir Novruzov 1971-ci ildə orta məktəbi bitirib və Mirzəağa Əliyev adına incəsənət institutunun rejissorluq fakultəsinə daxil olub. SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alıb və 1976-cı ildə həmin institutu bitirib. Diplom işini Musiqili Komediya teatrının səhnəsində Georgi Xuqayevin “Sevgilimin anası” operettasını hazırlayaraq müdafiə edib.
Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb. 1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakultəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in xalq artisti professor A. Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A. Efrosa assistentlik edib. 1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb. 1984-cü ildə SSRİ xalq artisti professor G. Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub və hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. Orada çalışdığı illər ərzində teatrı Kazan, Daşkənd, Səmərqənd, Moskva və Praqa şəhərlərinə qastrol səfərlərinə götürüb. 1986-cı ildə Çexoslovakiyada keçirilən “Çeşskaya Buduyovutsa” gənc teatrlar festivalında jüri heyətinin üzvü kimi iştirak edib.
1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsəriylə birincilik mükafatını qazanıb. 1988-ci ildə Parisdə keçirilən “Bovinyi” teatr festivalında fəxri jüri heyətinin üzvü kimi iştirak edib. 1989-cu ildə Mədəniyyət nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub. 1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbiylə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin “Hamlet” əsərinin motivləri əsasında hazırlanmış “Olum ya Ölüm” tamaşası ilə birincilik mükafatı qazanıb. 1995-ci ildə Türkiyə Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət olunub. Hal -hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.
2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət və incəsənət sahəsindəki Fәaliyyәtlәrinә görə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 2014-cü ilin aprelində “TÜRKSOY-un 20 illiyi” yubiley medalına, 23 dekabr 2015-ci ildə TÜRKSOY-un “Haldun Taner” mükafatına layiq görülüb. Oljas Janaydarmovun “Dans Plus” əsərinin səhnələşdirdiyinə görə 2 dekabr 2016-cı ildə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin “Qazaxıstanın Fəxri Mədəniyyət Xadimi” medalı ilə təltif olunub. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.
Aktyor Cahangir Zeynalovun nəvəsi, aktrisa Nəsibə Zeynalovanın oğludur.