Yeganə Cəfərova

Yeganə Cəfərova İmişli rayonunun Cəfərli kəndində dünyaya gəlib. 1983-cü ildə orta təhsilini başa vuraraq indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika müəllimliyi ixtisasına qəbul olub. 1988-ci ildə universiteti bitirib və 1990-2000-ci illərdə uşaq bağçasında tərbiyəçi, daha sonra Beynəlxalq İxtira və Biznes İnstitutunda psixoloq kimi çalışıb.
Y. Cəfərova 2003-cü ildən Kanadanın Toronto şəhərində yaşayır. 2004-2005-ci illərdə Torontoda uşaq bağçalarının birində müəllim köməkçisi olub. İşi yüksək qiymətləndirildiyindən ona evində fərdi uşaq bağçası açmağa icazə verilib. 2005-2017-ci illərdə yaratdığı məktəbə qədər tədris müəssisəsinə rəhbərlik edib. Eyni zamanda, 2007-ci ildən indiyədək Toronto təhsil şöbəsinin xarici dillər departamentinin yaratdığı məktəbdə çalışır. Bu tədris ocağında 57-yə yaxın xalqın dili tədris olunur ki, onların arasında azərbaycan dili də var. Yeganə xanım həftədə bir dəfə, iki saat otuz dəqiqə azərbaycanlı şagirdlərə ana dilimizi tədris edir.
2009-cu ildə “Məktəbə qədər Tədris İşçilərinin Assosiasiyası”nda tələb olunan imtahanları verərək uşaq bağçalarında işləmək hüququ qazanıb. Daha sonra isə bir il Corc Braun Kollecinin xüsusi kurslarında təhsilini davam etdirib.
2014-cü ildən Kanadanın “Pharma-Medikal Science”, 2018-ci ildən isə “Canadore” kolleclərində məktəbəqədər təhsil işçilərinə ümumfənnlər üzrə tədrisin metodikasından mühazirələr oxuyur.
Yeganə xanım 2017-ci ildə 500-ə yaxın kolleci özündə birləşdirən “Ontario Kolleclər Asossasiyası”nın və eləcə də 2018-ci ildə “Pharma-Medikal Science” kollecinin “İlin ən Yaxşı Müəllimi” seçilib.