Əli Nəsibov

Əli Nəsibov 1942-ci ildə Borçalının Baş keçid (Dumanisi) rayonunda anadan olub. 1960-cı ildə orta təhsilini başa vuraraq, Bakıya gəlib.
1960-1965-ci illərdə Azərbaycan Politexnik İnstitutunun mexanika-metallurgiya fakültəsində təhsil alaraq, mühəndis ixtisasına sahib olub. 1967-1969-cu illərdə bitirdiyi institutun metalların texnologiyası və metalşünaslıq kafedrasında asistent vəzifəsində işləyib.
1969-cu ilin sonunda Moskvada İ.P.Bardin adına Qara metallurgiya üzrə mərkəzi elmi tədqiqat institutunun aspiranturasına qəbul olunub və 1970-1973-cü illərdə burada təhsil alıb. 1973-1989-cu illərdə həmin institutun laboratoriyalarının birində qrup rəhbəri, 1989-1999-cu illərdə isə Rusiya Federasiyası Elm və Texnologiyalar Nazirliyində baş mütəxəssis vəzifələrində çalışıb.
Ə.Nəsibov, eyni zamanda, Moskva Metallurgiya İnstitutunun professoru olub. 1974-cü ildə texnika elmləri namizədi, 1992-ci ildə texnika elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 1995-ci ildə Rusiya Federasiyası Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib. 1996-cı ildən həmin Akademiyanın həqiqi üzvüdür.
1998-ci ildə Rusiya Federasiyasının Nazirlər Sovetinin mükafatı ilə təltif edilib.
1999-cu ildə ABŞ hökumətinin xüsusi dəvəti ilə Nyu-Yorka gələrək bir müddət Nyu-Yorkda texniki kollecdə işləyib. 2009-cu ildə səhhəti ilə əlaqədar təqaüdə çıxıb.
Akademik Əli Nəsibov ictimai işlərdə də fəal olub. 2004-cü ildə təsis olunan Azərbaycan Nyu-York Assosiasiyasını bir müddət idarə edib. Azərbaycanla bağlı bir çox tədbir məhz onun rəhbərliyi altında keçirilib. Nyu-York ictimaiyyətini Azərbaycan mədəniyyəti və ənənələri ilə tanış etmək üçün Azərbaycan Nyu-York Assosiasiyasının təşəbbüsü ilə milli rəqs ansamblı yaradılıb. Ansamblın fəaliyyəti BMT-nin müvafiq strukturları tərəfindən təqdir edilib. Kollektiv dəfələrlə uyğun tematik tədbirlərə dəvət alıb. Assosiasiyanın təşəbbüsü ilə, həmçinin 2011-ci ildə ilk dəfə Nyu-York və Vaşinqtonda Azərbaycan Dövlət Musiqi Komediya Teatrının qastrolları təşkil edilib.