Seymur Nəsirov

Seymur Rahim oğlu Nəsirov 1976-cı ildə Astara rayonunun Şüvi kəndində anadan olmuşdur. 1994-cü ildə A.İbrahimov adına Şüvi kənd orta məktəbini, 1998-ci ildə Bakı İslam Universitetini, 2002-ci ildə isə Misirin Əzhər Universitetinin İslamşünaslıq və Ərəb dili fakültəsini bitirmişdir. 2006-cı ildə Misir Fətva İdarəsində dörd il təhsil aldıqdan sonra, keçmiş SSRİ ölkələri arasında ilk dəfə fətva vermək icazəsini qazanmışdır. 2011-ci ildə Qahirədə Açıq Amerika Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə Magistratura təhsilini fərqlənmə ilə başa vurmuşdur. Hazırda həmin universitetdə Ərəb dili və ədəbiyyatı ixtisası üzrə Doktorantura təhsilini davam etdirir. Tədqiqat mövzusu “Ərəb elminə xidmətdə azərbaycanlı alimlərin səyləri”dir. Ailəlidir, iki övladı var.
2007- ci ildə “İrsi canlandırma və yerli inkişaf üzrə Halqa Fondu”nun təsisçilərindən biri və baş direktorudur. 2008- ci ildən “Qavafil əl-Xeyr və əl-Əməl” xeyriyyə cəmiyyətində xarici tələbələrin işi üzrə baş rəhbərdir. 2017-ci ildən Qahirə Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dili müəllimidir. 2017- ci ildə təsis etdiyi “Vətənpərvər”- Misirdə Azərbaycanın Diaspor Təşkilatları Birliyinin sədridir.
Seymur Nəsirov 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar haqqında könüllü tədqiqat aparır. Bu müddətdə yüzlərlə əslən azərbaycanlı olan alimlərin əlyazmalarını Misir kitabxanalarında üzə çıxarmağa müvəffəq olmuşdur. Onun “Ərəb mənbələrində azərbaycanlıların həyat və yaradıcılıqları” adlı ilk əsəri çap edildikdən sonra Misirin tanınmış universitetlərində təqdimatı keçirilmişdir.İlk kitabında yüz azərbaycanlı alim və ədiblər haqqında yazmışdır. Seymur Nəsirovun bu mövzuda, müxtəlif qəzetlərdə, elmi və publisistik jurnallarda, ərəb və Azərbaycan dillərində çoxsaylı məqalələri dərc olunmuşdur.
S. Nəsirovun Azərbaycan mədəniyyətinə gətirdiyi əsas töhfələrdən biri Qurani-Kərimdə “Azərbaycan” sözünün və Bakı neftinin yer aldığını elmi əsaslarla sübut etməsidir. Həmçinin, o, Xəmsənin 6 əlyazma nüsxəsini Misir kitabxanalarında aşkarlamışdır. Bundan başqa, tədqiqatçı dəfələrlə konfrans, simpozium və forumlarda bu mövzularda mühazirələr keçmişdir. 2016-2017 tədris ilində Qahirə Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dilinin tədrisinə başlayıb. 2017-ci ilin iyun ayından etibarən Qahirədəki Azərbaycan diaspor mərkəzində, Azərbaycan dili ilə yanaşı müxtəlif fənnlərin tədrisini təşkil etmişdir.. 2017-2018 tədris illərində Misirin ən mötəbər universitetlərində və Qahirədəki Azərbaycan diaspor mərkəzində 600 -dən çox misirli tələbəyə Azərbaycan dili tədris olunub.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2017-ci il 28 dekabr tarixli sərancamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Misirlə Azərbaycan arasında mədəni və elmi əlaqələrin inkişafında göstərdiyi müstəsna xidmətlərinə görə, 2018-ci il 18 iyul tarixində “MisirTəhsil Nazirliyinin medalı” ilə təltif olunmuşdur.