Yaşar Musayev

Yaşar Musayev 1967-ci il fevral ayının 3-də Sabirabad rayonunun Suqovuşan kəndində anadan olmuşdur. 1984-cü ildə Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna qəbul olunmuşdur. 1984-1991-ci illərdə Azərbaycan Texniki Universiteti, “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə təhsil almış və həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra AzTU- da mühəndis tədqiqatçı kimi elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1993-1996-cı illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) aspiranturasında təhsilini davam etdirmişdir. AzTU-da çalışdığı dövrdə maşın hissələrinin funksional səthlərinə diffuziya metodu ilə örtükçəkməklə onların yeyilməyə davamlılığını artırmaq istiqamətində elmi işlərlə məşğul olmuş, bu sahədə Azərbaycanda ilk elmi tədqiqat laboratoriyasını yaratmışdır.
Yaşar Musayev 1997-ci ildə Erlangen-Nürnberq Universitetinə ezam olunmuşdur. O, Universitetin “Konstruksiyaetmə” kafedrasında AzTU-da gördüyü elmi işləri davam etdirmişdir. Erlangen-Nürnberq Universitetində təhsilini başa vurduqdan sonra Y. Musayev Nürnberq şəhərində fəaliyyət göstərən “H.O.T. Oberflächenrechnik” firmasında “Səthlərin emal texnologiyası” şöbəsinə rəhbər vəzifəyə təyin olunmuşdur. Burada o avtomobil hissələrinin səthlərinin möhkəmliyini PVD və CVD emal metodları ilə artırmaq üçün örtükçəkmə texnologiyalarının işlənməsi və tətbiqi ilə məşğul olmuşdur. 5 illik sənaye təcrübəsi topladıqdan sonra Yaşar Musayev 2005-ci ildə “Şeffler qrupu”-na işə dəvət olunmuş və orada örtükçəkmə üzrə ayrı-ayrı layihələrdə çalışmışdır. Yaşar Musayevin qısa zamanda əldə etdiyi elmi nəticələri və alman avtomobil sənayesinin onun işlərinə olan yüksək marağını nəzərə alaraq, “Şeffler qrupu” şirkətinin rəhbərliyi 2011-ci ildə bu sahədə yeni elmi tədqiqat mərkəzinin yaradılmasına qərar vermişdir. Bu işin texniki, iqtisadi planlanması və mərkəzin qurulması işləri Yaşar Musayevə həvalə edilmişdir.
Y.Musayev 2015-ci ilədək həmin mərkəzin direktoru vəzifəsində çalışmışdır. 2016-cı ildən o, eyni zamanda “Şeffler qrupu” şirkətinin “Səthlərin emal texnologiyası” üzrə məsul şəxs vəzifəsinə təyin olunmuş və şirkətin baş menecerlər səviyyəsində aparıcı səlahiyyətlərə yiyələnmişdir. Yaşar Musayev tutduğu vəzifələrə uyğun olaraq Şeffler qrupu şirkətini həm Almaniyada, həm də xaricdə təmsil edir.
Yaşar Musayev örtükçəkmədə məşğul olduğu nanotexnologiyalar üzrə 120-dən çox elmi məqalə çap etdirmişdir. Avropa və dünyanın bir çox ölkələrində qeydiyyatdan keçmiş 30-dan çox patentin müəllifidir.