Adilə Əliyeva

Fransada yaşayan Azərbaycan əsilli pianoçu, əməkdar artist, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor
Adilə Əliyeva Bakı şəhərində anadan olub. İlk çıxışı 7 yaşında Leo Qinzburqun dirijorluğu altında keçib. Bu dövrdə “Dostluq melodiyaları” adlı sənədli kinofilmdə məşhur azərbaycanlı dirijor və bəstəkar Niyazinin dirijorluğu ilə D. Şostakoviçin “İkinci konsert”ini ifa edib. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına daxil olub, oranı qırmızı diplomla bitirərək aspiranturaya daxil olub.
Uzun illərdir Fransanın Annemas şəhərində yaşayan A.Əliyeva 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Onun 50-dən çox ölkədə, Avropanın və ABŞ-ın müxtəlif şəhərlərində, o cümlədən Vatikanda konsertləri təşkil edilib. Dünyanın bir sıra məşhur səsyazma studiyalarında 30-dan çox kompakt diski yazılan tanınmış pianoçu haqqında radio və televiziyalarda 200-dən çox xəbər verilib, veriliş çəkilib. A.Əliyeva azərbaycanlı bəstəkarlardan Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Oqtay Rəcəbov, Vaqif Mustafazadə, Arif Məlikov və başqalarının əsərlərini ifa edir.
Adilə Əliyeva Moskvada “Raxmaninov konsertlərinin ən yaxşı ifaçısı”, “Beynəlxalq VILLA-LOBOS” və “Zaqafqaziya” müsabiqələrinin laureatı olmuşdur. Haqqında “Musiqidə yaşamaq” adlı sənədli film də çəkilib.
Həmyerlimizin adına (“Adilə Əliyeva adına pianoçuların beynəlxalq müsabiqəsi”) iki ildən bir Fransa və İsveçrədə beynəlxalq musiqi festivalı təşkil olunur. A.Əliyevanın rəhbərlik etdiyi festivalın münsiflər heyətinə dünyanın tanınmış musiqiçiləri daxildir. Amerikalı ekspertlərin fikrincə, bu müsabiqə dünyanın ən nüfuzlu musiqi tədbirlərindən biridir. Amerikada nəşr olunan “American record guide” jurnalının baş redaktoru müsabiqə ilə bağlı öz məqaləsində yazır: ”…Adilə Əliyeva adına pianoçuların 10-cu beynəlxalq müsabiqəsi indiyə qədər gördüyüm ən səviyyəli festivallardan biridir”.