İlham Axundov

İlham Axundov 1959-cu il iyunun 1-də Azərbaycan Respublikasının Lənkəran rayonunda anadan olub.1975-ci ildə Bakı Dövlət Universitetinin Tətbigi Riyaziyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə Leninqrad Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Daha sonra Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirərək, 1987-ci ildə professor V. Nevzorovun rəhbərliyi altında “Nizamlanmış təsadüfi kəmiyyətlər və onların cəmləri üçün limit teoremləri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmisdir. 1988-ci ildən 1997-ci ilədək İ.Axundov Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent, 1997-1999-cu illərdə isə Odlar Yurdu Universitetində xarici əlaqələr üzrə prorektor işləyib.
İ.Axundov 1999-cu ildə ABŞ Dövlət Departamenti tərəfindən dünya alimləri arasında keçirilən çox nüfuzlu Fulbrayt müsabiqəsinin qalibi olub. O, 1999-2000-ci illərdə Texas Universitetində (Texas A&M University) tədqiqat aparmaq imkanı qazanıb. Bu tədqiqat işlərinin nəticələri elmi jurnallarda dərc edildikdən sonra İ.Axundov xarici universitetlərdən bir neçə dəvət alıb.
Professor İ.Axundov 2001-ci ildən Kanadanın Makmaster (Hamilton) Universitetində çalışıb. 2007-ci ildə karyerasını Kanadanın dünya söhrətli Vaterlo Universitetinin Riyaziyyat Fakültəsində davam etdirib.2009-2013-cü illərdə Vaterlo universitetin riyaziyyat fakültəsinin Dubaydakı filialının direktoru vəzifəsində çalışıb.Hazırda o, Vaterlo Universitetinin riyaziyyat fakültəsinin Riyaziyyat və Biznes proqramları direktorudur.
Professor İ.Axundov ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində ekspertdir. O, ehtimal nəzəriyyəsinin asimptotik metodlarına, sıra statistikası nəzəriyyəsinə ekstremal əhəmiyyətli əlavələrlə çox böyük töhfə verib. İ.Axundov üç dərslik və 30-dan çox elmi məqalənin müəllifidir.
İ.Axundov, dörd istiqamət üzrə (siyasi, iqtisadi, sosial və təhsil) fəaliyyət göstərən “Kanada-Azərbaycan” Əməkdaşlıq Assosiasiyasının prezidentidir.2012-ci ildə İ.Axundov Kanada Azərbaycan Araşdırmaları İnstitutunu yaradıb ki, bu qurumun məqsədi Azərbaycanın elmi institutları ilə əməkdaşlığın qurulması, Azərbaycan üzrə araşdırmaların aparılması, materialların nəşri, uğurların təbliği, ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı, iqtisadiyyatı, diasporu və mədəni irsi üzrə məlumatlandırılma, elmi ictimaiyyət, hökumət nümayəndələri və KİV-lər üçün konfrans, seminar və mühazirələrin təşkil edilməsidir. 2012-ci ildə onun köməyi ilə Toronto Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları Mərkəzi (CERES) bu universitetin tələbələri üçün Azərbaycan tədqiqatları üzrə kredit kursu keçirib.
O, 2016-cı ildə elmi, pedaqoji, və diaspor fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişdir.