Rza Diqqəti

Rza Diqqəti 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Rza burada fotolar çəkərək yaymağa davam edir. İnqilaba qədər olan hadisələri eləcə də inqilab sonra baş verən hadisələri qeyd alır. O illərdə “Newsweek” jurnalı ilə müqavilə imzalayır. Lakin sonradan 1981-ci ildə özünə qarşı artan təzyiqlərdən sonra ölkəni tərk edərək Fransaya gedir. 1991-ci ildən etibarən Milli Coğrafiya Cəmiyyəti ilə əməkdaşlığa başlayıb və cəmiyyətin bir çox layihələrini həyata keçirib. Onun çəkdiyi şəkillər 25 jurnalın üz qabığı olub. 1992-ci ildə öz həyat yoldaşı yazıçı Reyçel Diqqəti ilə birlikdə Parisdə “Webistan” Foto Agentliyinin əsasını qoyurlar. Hal-hazırda Fransada yaşayır.
1990-cı ildə o, fotojurnalist karyerasına ara verərək Əfqanıstanda Birləşmiş Millətlər Təşkilatının məsləhətçisi olaraq ölkənin şimal əyalətlərində yenidənqurma və yardım proqramında 9 ay fəaliyyət göstərir. 1996-cı ildə o, YUNİSEF və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edərək Ruandada qaçqın şəhərciklərində şəkillər çəkməyə başlayır. Və bu şəkillər sonradan konfliktlər zamanı valideynlərini itirmiş övladlara öz valideynlərini və ya övladlarını itirmiş valideynlərə öz övladlarını tapmağa kömək olmuşdur. Konqo Demokratik Respublikasıdan olan 12 min uşağın şəklini çəkərək onları qaçqın şəhərciklərində nümayiş etdirmişdir. 1998-ci ildə Azərbaycanda qaçqın uşaqlar üçün məktəbin tikintisində iştirak etmişdir. 2001-ci ildə Əfqanıstandakı uşaq və qadınların təhsili məsələləri ilə məşğul olan AINA xeyriyyəçilik assosiasiyasının əsasını qoymuşdur. Bu assosiasiyanın tələbələrindən biri Məsud Hüseyni 2012-ci ildə Pulitser mükafatına layiq görülmüşdür.
Tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Rza Diqqəti 20 Yanvar hadisələrini o cümlədən də Xocalı soyqırımının şahidlərini və şəhidlərini lentə alıb.Bundan başqa müharibə gedən digər bölgələrdə- Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatın yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. Bundan sonra isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Rza Diqqətiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb. 2014-cü ildə “Alovun zərifliyi” və Qara Yanvar, Dağlıq Qarabağ və Xocalı soyqırımı hadisələrinə həsr edilmiş “Körpələrin döyülməsi” kitablarını yazmışdır. 2013-cü ildə isə Parisdə Rza Deqatinin “Azərbaycan. Tolerantlıq məkanı” sərgisi keçirilib. Həmin sərgi sonralar Moskvada, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil qərargahında, Avropa Parlamentində nümayiş olunub.
O, 1983-cü il “World Press Photo” müsabiqəsində Xroniki Sujetlər kateqoriyasında 2-ci yerə layiq görülüb,1996-cı ildə Ruandadakı qaçqın düşərgələrində çəkdiyi fotolara görə UNİCEF-in “Ümid” mükafatını alıb, 2003-cü ildə İspaniyada Prix Liber Press tərəfindən mükafatlandırılıb.2005-ci ildə Fransanın Xidmətlərə görə ordeni ilə təltif edilib. 2006-cı ildə Kolumbiya Jurnalistika Məktəbinin Fəxri Jurnalist medalına layiq görülüb.2009-cu ildə nailiyyətlərinə görə Lucie Award mükafatını alıb. 2010-cu ildə fotojurnalistika sahəsi üzrə “Infinity Award” mükafatına layiq görülüb. 2013-cü ildə Dubayda “Photography Appreciation Award” mükafatı ilə mükafatlandırılıb.