Əminə Salamova

Əminə Salamova Bakı şəhərində anadan olub. Orta təhsilini 83 nömrəli məktəbdə alıb. 1998-ci idə Bakı Dövlət Universitetinin Kimya fakültəsini qırmızı diplomla bitirib. 2000-ci ildə həmin ixtisas üzrə magistr təhsili alıb. Magistratura pilləsi üzrə təhsilini başa vurduqdan sonra BDU-nun Üzvü kimya kafedrasında böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb.
2002-ci ildə ABŞ-ın İndiana Universitetinə yenidən magistr proqramına qəbul olunub və 2004-cü ildə ekologiya ixtisası üzrə “School of Public and Environmental Affairs”-də (Master”s of Science in Environmental Science) ikinci dəfə magistr elmi dərəcəsi alıb. Qeyd edək ki, bu proqram ABŞ-da ekologiya üzrə ən mükəmməl proqramlardan biri sayılır.
Daha sonra ABŞ-ın “E.S. Muskie Freedom Support Act Graduate Fellowship” Dövlət Departamenti onu ətraf mühitin zərərli maddələrlə çirklənməsi sahəsi üzrə doktoranturaya dəvət edib. Magistr təhsilini bitirdikdən sonra həmin departamentin maliyyə dəstəyi ilə İndiana Universitetinin doktoranturasına qəbul olunub. 2011-ci ildə elmi işini uğurla müdafiə edərək ekologiya üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəsinə yiyələnərək bu sahə üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı xanım kimi tarixə düşüb.
Ə.Salamova hal-hazırda İndiana Universitetinin Ekoloji Kimya laboratoriyasında ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur. ABŞ və Kanadanın Ətraf Mühitin Mühafizəsi Nazirlikləri tərəfindən maliyyələşən bu proqramın nəticələrindən elmi tədqiqat institutları və müxtəlif dünya agentlikləri istifadə edir.