Elman Mustafazadə

Əslən Laçının İmanlar kəndindən olan Elman Mustafazadə 1957-ci ildə Qarabağda, məşhur Hindarxı kəndində dünyaya gəlib. 6 yaşı olanda Şuşaya köçdüklərindən orta məktəb təhsilini orada alıb. 1974-cü ildə Bakıya köçüb. Hərbi xidmətdən qayıtdıqdan sonra iki il tikintidə fəhləlik edib. 1981-1986-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni maarif fakultəsində oxuyub. Daha sonra bir il Bakı Yeyinti Sənayesi Texnikumunda müəllim işləyib. E. Mustafazadə 1988-1989-cu illərdə Əzizbəyov adına Mədəniyyət evinin rəhbəri olub. 1989-1990-cı illərdə “Azərbaycan Əlvan Metal Birliyi”nin təhcizat idarəsində əvvəlcə ekspeditor, sonra isə şöbə rəisi vəzifəsində çalışıb. Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk illərdə bir müddət Ağdərənin Xatınbəyli, Orta Güney, Baş Güney kəndlərinin ermənilərdən müdafiə olunmasında könüllülərdən ibarət silahlı dəstəyə rəhbərlik edib.
1990-cı ildə Azərbaycanda kommunist rejiminə etiraz kimi Vətəni tərf edərək Polşaya köçüb. 2000-ci ilədək həmin ölkədə yaşayıb. Orada olarkən “Azərbaycan Cəmiyyəti”ni yaradaraq Polşada yaşayan soydaşlarımızı ətrafına toplamaq qərarına gəlib. Bir müddət sonra “Polşada Azərbaycanın Dostları” adlı cəmiyyətin təsisçilərindən biri və sədri olub. 1994-cü ildə “AzerLex” və “AzerPol” ticarət şirkətlərini yaradaraq bizneslə də məşğul olub. Öz vəsaiti hesabına Azərbaycana bir neçə dəfə əczaçılıq məhsulları göndərib. 1993-1995-ci illərdə döyüşlərdə yaralanan səkkiz əsgər və zabitimizi öz hesabına Polşa xəstəxanalarında müalicə etdirib. Sonuncu sayı 1939-cu ildə buraxılan “Qurtuluş” jurnalını 1995-ci ildə yenidən çap etdirib, ilk qürbət mətbuat nümunəsinin, “Xudafərin” jurnalının işıq üzü görməsinə nail olub. Bu dərgi yeganə azərbaycan dilli jurnaldır ki, Avropada yayımlanmasına rəsmi icazə verilib.
E. Mustafazadə 2000-ci ildən Niderland Krallığında yaşayır. 2006-cı ilədək Hollandiya və Beliçkada Qarabağla bağlı tədbirlərin əksəriyyətinin təşkilatçısı və aparıcısı olub. 2008-ci ilədək təsisçilərindən biri olduğu “BAK”-a rəhbərlik edib. Hazırda “Avropada Azərbaycanın Dostları Cəmiyyəti”nin sədridir.