İslam Manafov

İslam Manafov Bakı şəhərində doğulub. 1977-1981-ci illərdə Bakı Musiqi Texnikomunda oxuduğu zaman Azərbaycan Gənc Pianoçular Müsabiqəsinin Yüksək Mükafatını qazanıb. Hələ 17 yaşında olarkən dünyaca məşhur Maestro Niyazi Tağızadənin idarəçiliyində S. Rahmaninovun 3 nömrəli Piano konsertini ifa edərək böyük bir uğura imza atıb. 1981-ci ildə Bakıya konsert vermək üçün gələn P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, keçmiş Sovet İttifaqının Xalq Artisti, pianist və pedaqoq A.A.Nasedkin burada İslam Manafovu dinlədikdən sonra təhsilini P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirməsi üçün İ. Manafovu Moskvaya dəvət edib. Bu dəvətdən sonra Moskvaya gedən və burada professorlar A. A. Nasedkin və M. A. Fyodorovanın siniflərində oxuyan Manafov təhsilini yüksək göstərici ilə başa vurub.
Moskva Dövlət Konservatoriyasında oxuduğu illərdə və sonralar Sovet İttifaqının bütün böyük şəhərlərində konsertlər verib, festivallara dəvət edilib. Manafovun xüsusilə də S. Prokofyevin, M. Musorqskinin, A. Skryabinin və S. Rahmaninovun əsərlərini ifa etməsi tənqidçilər və tanınmış musiqiçilər tərəfindən yüksək qiymətləndirilib. Bu günə qədər keçmiş Sovet İttifaqı ölkələri, Azərbaycan, Türkiyə və Avropanın bir çox ölkələrində konsertler verən Manafov eyni zamanda simfonik orkestr dirijorluğu fəaliyyəti ilə məşğuldur. Bu günə qədər bir çox orkestrlər qurmuş və idarə etmiş, dəyişik formalarda əsərlər bəstələmiş, uşaqlara və gənclərə istiqamətlənmiş layihələr ilə musiqi ictimaiyyətinin böyük təqdirini qazanmışdır Manafov Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosentidir. Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
2017-ci ildə İslam Manafovun dahi bəstəkar Frederik Şopenin əsərlərindən ibarət yeni albomunun Türkiyənin İstanbul şəhərində Cemal Reşit Rey Konsert zalında təqdimatı keçirilmişdir.10 Qremmi mükafatı laureatı, əfsanəvi produsser Kristofer Alderin rəhbərliyi ilə Almaniyanın Hannover şəhərindəki Bethoven zalında yazılmış CD-Albom İsveçrə, Avstriya, Almaniya və digər ölkələrdə satışa çıxarılmışdır.
Amerikalı musiqi tənqidçisi Fil Muz İslam Manafovun ifasını belə xarakterizə edib: “Bu adam möhtəşəmdir! Onun yazdırdığı bu ilk CD-albom Manafovun bütün dünyada daha da tanınmasına səbəb olacaq. Manafov Şopenin bütün əsərlərində çox güclü hissiyyata sahibdir. Əsərlərin mətnini çox gözəl anlayır və Şopenin güclü səs palitrasını öz ifası ilə ortaya çıxarır. Onun poetik ifası Steinway-D instrumentində çox parlaq bir biçimdə duyulur və mən daha öncə Steinway markalı royaldan bu böyüklükdə möhtəşəm səs çıxdığına şahid olmamışam!”