Vurğun Vəkilov

Pianoçu, “École normale de musique de Paris-Alfred Cortot” musiqi akademiyasının tələbəsi
Vurğun Mehman oğlu Vəkilov 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi məktəbinin fortepiano şöbəsinə daxil olmuşdur.
2008-ci ildə Ulu Öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş gənc ifaçıların I Respublika müsabiqəsində I yerə layiq görülmüş və diplomla təltif edilmişdir. 2009-cu ilin may ayının 5-də Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycanın gənc istedadlarının “Qızıl kitabına” adı yazılmış və xüsusi aylıq təqaüdə layiq görülmüşdür. 2011-ci ilin may ayında İtaliya Respublikasının Pesaro şəhərində keçirilən VIII “Çitta di Pesaro” Beynəlxalq müsabiqəsində I yerə layiq görülmüş və diplomla təltif edilmişdir.
V.Vəkilov 2016-cı il 5-12 mart tarixlərində Fransanın Annemas şəhərində keçirilən Adilə Əliyeva adına pianoçuların X Beynəlxalq müsabiqəsində II yerə layiq görülmüş və Fransanın Paris şəhərində yerləşən “Ecole Normale de Musique de Paris-Alfred Cortot” musiqi akademiyasında təhsil almaq hüququnu qazanmışdır. 2016-cı il 2-5 avqust tarixlərində keçirilən VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Pianoçuların IV Beynəlxalq Müsabiqəsində I yerə layiq görülmüş və diplomla təltif edilmişdir. 2017-ci il fevral ayının 2-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Gənclər üçün Prezident mükafatı”na layiq görülmüşdür.
İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrin gənc musiqiçilərinin qatıldıqları müsabiqədə Azərbaycanı təmsil edən V.Vəkilov “B” kateqoriyasında 12-16 yaşlı piano ifaçıları arasında fərqlənərək birinci yeri qazanmışdır.
Qeyd edək ki, Vurğun Vəkilov Azərbaycanın Xalq şairi Səməd Vurğunun nəticəsidir.