İqor Rauf oğlu Aşurbəyli

Texnika elmləri doktoru, Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, “Almaz-Antey” konstruktor bürosunun rəhbəri (2001-2011), “Socium Holding” İdarə Heyətinin prezidenti, Asqardia Kosmos Millətinin qurucusu
Aşurbəyli İqor Rauf oğlu 1963-cü il sentyabrın 9-da Bakıda anadan olub.
1980-ci ildə 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. 1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasında mühəndis-sistemotexnik ixtisası üzrə ali təhsil alıb.
İ.Aşurbəyli 1990-cı ildə Moskvaya köçüb, SSRİ “Sentrsoyuz” İstehlak Kooperasiyası Müəssisələri İttifaqının nəzdində informasiya məlumat bazalarının işlənməsi, istehsalı və satışı ilə məşğul olan “Sosium” Ümumittifaq Elm-İstehsalat Birliyini (EİB) yaradıb və ona rəhbərlik edib. 1991-ci ildə “Almaz” Elm-İstehsalat Birliyi və bir sıra digər tanınmış dövlət və özəl qurumlarla birlikdə informasiya və telekommunikasiya məhsullarının geniş nomenklaturasının işlənməsi, istehsalı və satışı ilə məşğul olan “Beynəlxalq informasiya və telekommunikasiya bürosu” ASC-nin həmtəsisçisi və rəhbəri olub.
1994-cü ildə “Almaz” EİB-də baş direktorun müavini, maliyyə direktoru, baş direktorun birinci müavini, Direktorlar Şurasının sədri vəzifələrində çalışıb. 2000-ci ildə baş konstruktor, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, iki dəfə Sosialist Əməyi Qəhrəmanı B.Bunkinin yazılı tövsiyəsi əsasında, Rusiyanın müvafiq nazirlik və idarələrinin nümayəndələrindən ibarət Direktorlar Şurasının qərarı ilə İ.Aşurbəyli yekdilliklə akademik A.Raspletin adına “Almaz” EİB” ASC-nin baş direktoru təyin edilib və 2011-ci ilədək bu vəzifədə çalışıb.
2013-cü ildə Avstriyada “Aerospace International Research Center, Gmbh”-ni (Aerokosmos Beynəlxalq Araşdırma Mərkəzi) təsis edib. 2015-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasının struktur eksperti statusunu alıb.
İ.Aşurbəyli texnika elmləri doktoru, A.Proxorov adına Mühəndis Elmləri Akademiyasının və Hərbi Elmlər Akademiyasının həqiqi üzvüdür. 100-dən çox elmi əsərin, o cümlədən bir ensiklopediya və iki monoqrafiyanın müəllifidir.
İ.Aşurbəyli Rus pravoslav kilsəsinin 2-ci və 3-cü dərəcəli “Moskva knyazı müqəddəs Danil” (2000, 2002, 2008), “Şərəf’ (2007) ordenləri, “Georgi Jukov” (1995), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” (1995), “Rusiya Donanmasının 300 illiyi” (1996), “Moskvanın 850 illiyi” (1997) xatirə medalları ilə təltif olunub. Akademik V.Utkin adma qızıl medalın (2005), “SSRİ EA-nın akademiki A.A.Raspletin” gümüş medalının (2008) sahibidir. Həmçinin, “Rusiya iqtisadiyyatının lideri” milli mükafatının (2004), akademik A.Proxorov adına mükafatın (2008), “İlin adamı” milli mükafatının (2009) və s. laureatıdır.
Qeyd edək ki, İqor Aşurbəyli Azərbaycanın məşhur Aşurbəyli nəslinin davamçısıdır.