Mustafabəyli-Şereşevskaya Rəna

Alfred Korto adına Paris Ali Musiqi Məktəbinin professoru
Mustafabəyli-Şereşevskaya Rəna 1954-cü il iyunun 17-də Bakıda geoloq ailəsində anadan olub. Artıq dörd yaşında böyük musiqi qabiliyyəti və istedadı üzə çıxıb. 1972-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində Bülbül adına Orta İxtisas Musiqi Məktəbini tanınmış pedaqoq Y.L.Filatovanın fortepiano sinfi üzrə əla qiymətlərlə bitirib. Elə həmin il Rİ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında L.N.Vlasenkonun sinfinə daxil olub. Konservatoriyadan sonra aspiranturanı da fərqlənmə ilə bitirib.
70-ci illərdə R.Mustafabəyli-Şereşevskaya SSRİ-də və müxtəlif ölkələrdə bir çox solo və simfonik konsertlər verib. 1980-ci ildən başlayaraq o, Moskva Konservatoriyası nəzdində Mərkəzi Orta İxtisas Musiqi Məktəbində istedadlı uşaqlara dərs deyib.
1990-cı ildə R.Mustafabəyli-Şereşevskayanı İppolitov-İvanov adına Dövlət Pedaqoji Musiqi İnstitutunun fortepiano kafedrasına müdir vəzifəsinə dəvət ediblər. Həmin dövrdə o, orta ixtisas və ali təhsil məktəblərində fortepianonun tədrisi metodikasının tərtib olunması işinə başçılıq edib. Onun təklifi və rəhbərliyi ilə gənc ifaçıların İppolitov-İvanov adına birinci Ümumittifaq müsabiqəsinə start verilib.
1993-cü ildə R.Mustafabəyli-Şereşevskaya dəvət olunmuş professor kimi Kolmar Konservatoriyasında işləməyə başlayıb, sonra beş il ərzində paralel olaraq Paris Ali Milli Konservatoriyasında işləyib, ixtisasartırma kurslarında dərs deyib.
R.Mustafabəyli-Şereşevskaya Fransa, İtaliya, ABŞ, Kanada, Monako, Yaponiyada ustad dərsləri keçir. Onun yetirmələri beynəlxalq müsabiqələrin laureatlarıdır. Onlar dünyanın aparıcı konsert salonlarında – “Pleyyel”, “Karneqi-Holl”, “Albert-Holl”, Berlin Milli Filarmoniyası, Moskva Konservatoriyasının Böyük salonu və digər səhnələrdə çıxış edirlər.
R.Mustafabəyli-Şereşevskaya hazırda Alfred Korto adına Paris Ali musiqi məktəbində fortepiano professorudur. O, istedadlı uşaqların musiqi təhsili sisteminin təkmilləşdirilməsinə çox diqqət yetirir, Fransa (“Pyano” jurnalı) və beynəlxalq mətbuatda (“Kreşşendo” jurnalı), Fransanın milli televiziyasında bu məsələ ilə bağlı çıxışlar edir.
R.Mustafabəyli-Şereşevskaya, eyni zamanda “Fransa və Rusiyanın ulduzları və gənc istedadları” mədəni mübadilə layihəsinin yaradıcısı və rəhbəri, beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvüdür.