Ramil Quliyev

Azərbaycan əsilli Türkiyəni təmsil edən yüngül atlet (sprinter) Ramil Eldar oğlu Quliyev 1990-cı il 29 mayda Bakı şəhərində anadan olub. 2007-2011-ci illərdə Azərbaycan yığmasının üzvü olub, 2011-ci ildən isə Türkiyə yığmasının üzvüdür.
2007-ci ildə keçirilən Avropa Gənclər Olimpiya Festivalında 1 qızıl və 1 bürünc medal qazanıb. R. Quliyev 2009-ci ildə Serbiyada, Novi Sad şəhərində keçirilən Avropa Gənclər Atletika çempionatında 100 və 200 metr məsafələrə qaçışlarda da medallar qazanır. Həmin vaxt o, 100 metrdə gümüş, 200 metrdə isə qızıl medala çatmağı bacarmışdı. 2009-cu ildə Dünya Atletika Federasiyaları Birliyi (IAAF) tərəfindən “Avropanın gələcək vəd edən gənc atletləri” sıralamasında da fransız atlet Christophe Lemaitre-dən sonra ikinci yeri tutub.
O, Azərbaycanı 2008-ci il Pekin Olimpiadasında, Türkiyəni isə 2016-cı il Rio-de-Janeyro Olimpiadasında təmsil edib. Ramil Quliyev 2013-cü ildə Aralıq dənizi Oyunlarında 2 gümüş medal qazanıb. 2016-cı ildə Amsterdam şəhərində baş tutan Avropa Çempionatında gümüş medala layiq görülüb.
O, 200 metr məsafəyə qaçış yarışlarında dünyanın ən güclü ağ dərili idmançısı hesab olunur.Həmçinin, bu nəticə ilə Hüseyn Boltdan sonra ən sürətli gənc atlet kimi də tarixə düşüb.
Ramil Quliyev 2017-ci ildə London şəhərində baş tutan Dünya Çempionatında, 200 metr məsafəyə qaçış yarışlarında 20.09 saniyə nəticə ilə qızıl medal qazanaraq dünya çempionu adını qazanıb. Qaçış yarışlarında Dünya çempionu olan ilk Türkiyə idmançısı kimi tarixə düşüb. Ramil Quliyev həm də 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 qızıl və 1 gümüş medala sahib olub.
Ramil Quliyev 2011-ci ildən Türkiyədə yaşayır.