Tərlan Əhmədov

“Men Azərbaycanlıları İcması”nın rəhbəri
Tərlan Rüstəm oğlu Əhmədov 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə 248 nömrəli məktəbdə orta təhsilini bitirib. 1991-1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil alıb. Bu müddət ərzində o, həm də Binəqədi rayon təhsil şöbəsində, daha sonra orta məktəblərdən birində tarix müəllimi işləyib. 1999-2003-cü illərdə özəl sektorda tərcüməçi-məsləhətçi kimi çalışıb.
T.Əhmədov 2003-cü ildən ABŞ-ın Men ştatının Portland şəhərində yaşayır. İngilis, fars, rus, tacik, türk dillərində sərbəst danışır. 2003-cü ildə Men ştatının Portland şəhərində yerləşən “Qaçqınlar və İmmiqrasiya İdarəsi”ndə işə başlayıb, 2016-cı ildə şöbə müdiri vəzifəsinə təyin olunub. 2017-ci ildən etibarən Men ştatının “Qaçqınların Məskunlaşması Federal Proqramı”nın koordinatoru vəzifəsində işləyir. 18 sentyabr 2019-cu ildə Men şəhər  qubernatoru Canet Mills tərəfindən Dövlət İş Qüvvəsi İnvestisiya Şurasına təyin edilmişdir. T.Əhmədov, həmçinin, “Men Azərbaycanlıları İcması”nın rəhbəridir. Həyata keçirdiyi bütün tədbirləri yerli hökumət səviyyəsində təşkil edir. Ştat rəsmiləri arasında böyük nüfuz sahibidir. Ştatda keçirilən rəsmi tədbirlərin əksəriyyətinə icma rəhbəri kimi dəvət olunur, ona çıxış üçün şərait yaradılır. Men ştatının hər iki palatası tərəfindən Xocalı soyqrımı ilə əlaqədar qətnamənin qəbul edilməsində onun böyük rolu olub.
T.Əhmədovun həyat yoldaşı Zemfira Əhmədova Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Hal-hazırda “Sunlife” sığorta şirkətində maliyyə məsələləri üzrə aparıcı mütəxəssis vəzifəsində çalışır.
Qeyd edək ki, Tərlan Əhmədov ADR ordusunun Lənkəran bölgəsi üzrə komandanı, “Zaqafqaziya Dəmir Yolçuları Həmkarlar Təşkilatı”nın rəhbəri Mahmud Əhmədovun nəvəsidir.