Lamiyə Şərəfxanova

Lamiyə Şərəfxanova Kəlbəcər rayonunun Qılıçlı kəndində anadan olub. Beşinci sinfə qədər həmin kənddə oxuyub. Kəlbəcərin işğalından sonra Bakıda məskunlaşıb və 1999-cu ildə 285 nömrəli məktəbdə orta təhsilini başa vurub. 2004-cü ildə Azərbaycan Dillər Universitetində dilşünaslıq və tərcümə ixtisası üzrə bakalavr, 2006-cı ildə isə fərqlənmə diplomu ilə magistr dərəcəsinə yiyələnib. Eyni zamanda, 2000-ci ildən 2005-ci ilədək BMT-nin “Gənc könüllülər proqramı”na qoşulub. “Qaçqın və Məcburi Köçkünlərə Dəstək Mərkəzi”ndə, eləcə də ABŞ-ın “Uşaqların xilası beynəlxalq təşkilatı”nın Azərbaycan nümayəndəliyində könüllü kimi fəaliyyət göstərib. 2005-2007-ci illərdə Açıq Cəmiyyət İnstitutunda “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”ndə sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasının təşkili proqramında layihə əlaqələndiricisi işləyib. Sonra bir il ABŞ-ın Alabama ştatının A&M Universitetində inkluziv təhsil üzrə magistr dərəcəsinə yiyələnib. 2009-cu ildə yenidən Bakıya, əvvəl işlədiyi “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”nə qayıdıraq, 2013-cü ilədək orada layihə rəhbəri, sonradan “Əlilliyi olan uşaqların təhsili: siyasət və münasibətin dəyişdirilməsi proqramı”nın rəhbəri vəzifəsində çalışıb. Bununla yanaşı, 2009-2016-cı illərdə Xəzər Universitetində müəllim işləyib. İngilisdilli qruplara təhsilin siyasəti, fəlsəfəsi və digər fənlərdən dərs deyib. Təhsillə bağlı bir sıra beynəlxalq konfranslarda ölkəmizin təhsil sistemi ilə bağlı təqdimatlar və çıxışlar edib.
2014-cü ildə Təhsil Nazirliyində baş məsləhətçi kimi işə başlayıb və bir il sonra Bakı Təhsil İdarəsinin təhsilin inkişafı şöbəsinə rəhbər təyin edilib. İki il orada çalışdıqdan sonra ABŞ-ın Miçiqan ştatının Holland şəhərinə köçüb. Hazırda Miçiqan Universitetində ikili dərəcə proqramında təhsil alır: Sonda Cerald Ford adına ictimai siyasət məktəbdə “Təhsil siyasətinin analizi” üzrə magistr, Təhsil məktəbində isə “Liderlik, inovasiya və idarəetmə” üzrə doktorluq dərəcələrinə yiyələnəcək.
Lamiyə Şərəfxanovanın hazırda təhsil aldığı Gerald Ford adına İctimai Siyasət Məktəbi dünya reytinqində 1-ci yerdə qərarlaşıb.
Hal-hazırda ABŞ-ın Miçiqan ştatının Holland şəhərində yaşayır. Ailəlidir, 3 övladı var.