Natiq Atakişiyev

Fizika-riyaziyyat elmləri doktoru. Meksika Milli Muxtar Universitetinin Riyaziyyat İnstitutunun aparıcı elmi işçisi
Atakişiyev Natiq Məmməd oğlu 1939-cu il fevralın 15-də Bakı şəhərində anadan olub. 1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutuna kiçik elini işçi vəzifəsinə qəbul edilib və 1994-cü ilədək orada işləyib.
1964-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasında (EA) aspiranturaya daxil olaraq, 1964-1967-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (Dubna şəhəri, Rusiya) ezamiyyətə göndərilmişdir. 1967-1972-ci illlərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
1971-ci ildə Rusiyada Serpuxov adına Fizika İnstitutunda “Normallaşmış sahə nəzəriyyələrində Qrin funksiyalarının tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1972-1983-cü illərdə Azərbaycan SSR EA Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.
1973-1974-cü illərdə N.Atakişiyev Amerika Birləşmiş Ştatlarında, Kolumbiya Universitetinin fizika kafedrasında təcrübə keçib.1987-ci ildə Kiyevdə, Nəzəri Fizika İnstitutunun Elmi Şurasında N.Atakişiyev fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1994-cü ilin yayından Meksika Milli Muxtar Universitetinin Kuernavaka şəhərindəki Riyaziyyat İnstitutunda çalışır.
O, elmi jurnallarda çıxan 114 məqalənin, beynəlxalq konfransların nəşrlərində dərc edilmiş 54 məruzənin müəllifi və həmmüəllifidir.
1996-cı ilin oktyabrından Meksika Elmlər Akademiyasının üzvüdür.
N.Atakişiyev Meksikada rəsmi qaydada 2008-ci il dekabrın 11-də qeydə alınan Latın
Amerikası Azərbaycanlıları Assosiasiyasının prezidentidir.
2011-ci ildə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülüb.