Yavər Rzayev

ABŞ-da yaşayan azərbaycanlı memar Yavər Rzayev
Yavər Rzayev 1962-ci ildə Ağdam rayonunda dünyaya gəlib. 1979-cu ildə Ağdam rayonu 6 nömrəli məktəbdə orta təhsilini başa vurub. 1980-1982-ci illərdə hərbi xidmət keçib. 1983-cü ildə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil olub. İki il sonra təhsilini davam etdirmək üçün Slovakiyanın (keçmiş Çexoslavakiyanın) Bratislava şəhərindəki Ali Texniki Universitetinə gedib. Orada dörd il oxuyaraq memar-mühəndis ixtisasına yiyələnib. 1989-1991-ci illərdə həmin universitetin Memarlıq layihəsi kafedrasında müəllim işləyib.
1991-1996-cı illərdə Meksikada yaşayıb. Orada memarlıq fəaliyyəti ilə məşğul olub. 1996-cı ildə Bakıya geri dönüb. 2000-ci ildə Amerikaya gələnədək Bakıda ictimai iaşə sahəsində uğur qazanıb. ABŞ-a köçdükdən sonra isə il yarım Vaşinqtondakı restoranlardan birində çalışıb. Sonradan “The Gate House” adlı tikinti və memarlıq şirkəti yaradıb. Hazırda həmin şirkətə rəhbərlik edir. Rəhbərlik etdiyi şirkət imkanlı amerikalılar üçün fərdi villaların tikintisi ilə məşğul olur.
2006-cı ildən ABŞ-ın yay paytaxtı sayılan Delever ştatının kurort şəhəri Rehoboz Biçdə yaşayır. Bir oğlu var. Oğlu Meksika Dövlət Universitetinin Musiqi və bəstəkarlıq fakültəsini bitirib. Hazırda magistraturada təhsil alır, diplom işi muğam, Azərbaycan klassik bəstəkarlarının musiqisi mövzusunda olub.