Fəridə Pənahova

SSRİ-nin dağılmasından sonra Böyük Britaniyaya köçən ilk Azərbaycan vətəndaşı Fəridə Pənahova
Fəridə Pənahova Bakıda anadan olub. O daha çox xeyriyyə tədbirləri ilə məşhurdur. 2 il müddətində həyat yoldaşı (Fəraməz Əkbərian fəal diaspor üzvü olub) ilə birgə şəxsi vəsaitləri hesabına “Azerbaijan News and Views” adlı qəzet çap etdiriblər. Qəzet İngiltərədə 60 kitabxanaya, 90 ölkənin səfirliyinə, həmçinin “The Guardian”, “The İndependent”, “The Times”, “Financial Times”, “Huffington Post” , “Le Monde” və digər beynəlxalq informasiya agentliklərinə göndərilib.
Xocalı soyqırımı ilə bağlı kitablar çap etdirərək Britaniya ictimaiyyətində yayıb, həmçinin, BBC-nin Azərbaycanla bağlı bəzi yanlış informasiyalarının düzəldilməsində əməyi olub. Dəfələrlə Avropa Şurasına Azərbaycana qarşı sərgilənən qeyri-obyektiv mövqeyə görə etiraz məktubları ünvanlayıb. Xeyriyyə fəaliyyəti ilə daha çox tanınan Fəridə Pənahova Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinin köməyi ilə Azərbaycandakı məcburi köçkün düşərgələrinə paltar, həmçinin, öz şəxsi vəsaiti hesabına dərman ləvazimatları aparıb. Bu illər ərzində Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyi ilə yaxından çalışan F.Pənahova 7 il həyat yoldaşı ilə birgə “Brtish Azerbaijan Society” və Azerbaijan Social Club” cəmiyyətlərini təsis edib. Xocalı Soyqırımı ilə bağlı Londonun məşhur “SOAS” (School of Oriental abd African Studies) Universitetində mühazirə deyib, həmçinin digər bir məruzəsi “London Post”da dərc olunub.
Azərbaycan həqiqətlərinin Birləşmiş Krallıq ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən Fəridə Pənahova dəfələrlə Ermənistan səfirliyinin binası önündə etiraz aksiyaları təşkil edib. Əvvəllər Britanada fəaliyyət göstərən TEAS-la, (“The European Azerbaijan Society”) uzun illər isə Anqlo-Azərbaycan Cəmiyyəti ilə yaxından əməkdaşlıq etmişdir. Həmçinin, Londonda Azərbaycan Evinin idarə heyətində təmsil olunur. Bir çox mədəni tədbirlərin təşkilində, təhsillə bağlı layihələrdə, Azərbaycan diaspor təşkilatlarının tədbirlərində iştirak edib, Böyük Britaniyada yaşayan azərbaycanlılara, tələbələrə maddi və mənəvi yardım göstərib.