Nərgiz Əliyarova

Əməkdar artist, professor, beynəlxalq müsabiqələr laureatı, ABŞ-ın Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti
Əliyarova Nərgiz Ramiz qızı 1968-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1986-cı ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla bitirərək Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1991-ci ildə buranı fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində təhsildəki müvəffəqiyyətlərinə görə Lenin təqaüdünə layiq görülmüşdür. 1991-1993-cü illərdə assistent-stajçı kimi öz təhsilini davam etdirmişdir. 1992-ci ildən 2017-ci ilə qədər Bakı Musiqi Akademiyasında əvvəlcə müəllim, sonra baş müəllim, dosent, daha sonra isə professor vəzifəsində çalışmışdır. 2001-ci ildə sənətşünaslıq üzrə dissertasiya müdafiə edərək fəlsəfə doktoru adını qazanmışdır.
2002-ci ildən 2017-ci ilə qədər Azərbaycan Dövlət Filarmoniyası nəzdində yaradılan Azərbaycan Dövlət Fortepiano Triosunun artisti olmuşdur. Bu illər ərzində N.Əliyarova Azərbaycanda və bir sıra ölkələrdə, o cümlədən ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, İtaliya, Slovakiya, Xorvatiya, Rusiyada həm solo, həm də müxtəlif ansamblların tərkibində konsertlər vermiş, kamera və simfonik orkestrlərlə çıxış etmişdir. O, Raxmaninov adına Beynəlxalq kurslarda, Vaykershaymda, Darmştadtda (Almaniya), Dartinqtonda (Böyük Britaniya) keçirilən beynəlxalq kurslarda öz ixtisasını təkmilləşdirmiş və konsertlərlə çıxış etmişdir.
N.Əliyarova bir sıra beynəlxalq festivallarda – 48-ci Beynəlxalq Müasir Musiqi Konqresində (Darmştadt, Almaniya), IV və VI Ü.Hacıbəyli adına Beynəlxalq musiqi Festivalında, “Silk Way” Beynəlxalq Festivalında, III və VI Qəbələ Beynəlxalq Musiqi Festivalında, “Fonex” Musiqi Festivalında (Köln, Almaniya) uğurla çıxış edib.
2008-ci ildə İtaliyada keçirilən “Pyetro Arcento” adına 11-ci Beynəlxalq Müsabiqədə II yer tutaraq laureat adını qazanmışdır. Həmin il Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2010-cu ildə Şopenin əsərlərinin ən yaxşı ifaçısı kimi Polşa dövlətinin fəxri diplomuna layiq görülmüşdür.
2012-ci ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən Nərgiz Əliyarovaya professor elmi adı verilmişdir.
2015-ci ildə Avropanın ən mötəbər səsyazma şirkətlərindən biri olan “ETCETERA” (Belçika) F.Şopenin mazurka, vals və noktürnlərindən ibarət “Nargiz Aliyarova plays Chopin” (Nərgiz Əliyarova Şopenin əsərlərini ifa edir) diskini nəşr etdirmişdir. Bu disk indi dünyanın demək olar bütün ölkələrində satılır. “ETCETERA” şirkəti həmin diski Avropanın ən mötəbər mükafatına – “Solo musiqisi” nominasiyasında Beynəlxalq Klassik Musiqi Mükafatına – ilin ən yaxşı diski adını almaq üçün müsabiqəyə təqdim etmişdir. Qeyd edək ki, bu, həmin mükafata təqdim edilmiş ilk Azərbaycan musiqiçisinin diskidir. 2016-cı ildə isə bu kompakt disk, həmçinin Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunub.
Bundan sonra onun lentə aldığı Haydn, Motsart və Bethovenin sonatalarından ibarət disk “ETCETERA” şirkəti tərəfindən nəşr edilib. N.Əliyarovanın Azərbaycan bəstəkarlarının fortepiano musiqisinin incilərini özündə toplayan sayca beşinci olan diski 2017-ci ildə işıq üzü görüb.
2017-ci ildə Nərgiz Əiyarova Amerika Birləşmiş Ştatlarına köçüb, hazırda Nyu-York şəhərində yaşayır.
2018-ci ildə Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətini təsis edib və dövlət qeydiyyatından keçirib. Hal-hazırda bu qeyri-hökumət təşkilatının prezidentidir. Bu cəmiyyətin məqsədi dünya xalqlarının musiqisini və ilk növbədə, Azərbaycan müsiqisini təbliğ etməkdir. Fəaliyyət göstərdiyi müddətdə cəmiyyət bir sıra konsertlər təşkil etmişdir. Ölkəmizlə bağlı ,,Azərbaycan Demokratik Respublikasının yüzilliyi”, “Azərbaycan Multikulturalizmi”, “Şərqdən-Qərbə” Azərbaycan-Norveç konsertlərini Linkoln Mərkəzində keçirtmişdir.
N.Əliyarova 2018-ci ildə dünyanın 63 ölkəsində 12 min klubu, 29,000 üzvü olan “Zonta” beynəlxalq qadın təşkilatının Nyu-York klubunun Prezidenti seçilmişdir.