Əli Əskərov

1970-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub. 1988-ci ildə orta təhsilini hərbi liseydə başa vurduqdan sonra hərbi xidmətə yola düşüb. Ordudan tərxis olunduqdan iki il sonra isə Türkiyənin Orta Doğu Texniki Universitetinə (ODTU) qəbul olunub. Beş il ODTU-da beynəlxalq münasibətlər fakültəsində ali təhsil alıb. 1999-2001-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində magistr pilləsi üzrə təhsil alıb.
Ə.Əskərov 2001-ci ildə ABŞ-a gəlib. 2002-ci ilədək Corc Meyson Universitetində elmi tədqiqatla məşğul olub. 2003-2005-ci illərdə həmin universitetin sülh və münaqişə elmi institutunda magistr pilləsi üzrə təhsilini davam etdirib. 2005-2007-ci illərdə Vaşinqtonda müxtəlif yerlərdə çalışıb. 2007-2011-ci illərdə Kanadanın Manitoba Universitetində sülh və münaqişələr mərkəzinin doktorantura pilləsi üzrə təhsilini artıraraq konfliktologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
2011-2013-cü illərdə Kanadanın Manitoba, Vinnipeq və Regina universitetlərində müəllim vəzifəsində çalışıb. 2013-cü ildən etibarən ABŞ-ın Şimali Karolina Universitetinin konfliktologiya şöbəsində dosent vəzifəsində çalışır
Həyat yoldaşı Şəlalə xanım ixtisasca həkimdir. 2015-2017-ci illərdə Şimali Karolina Universitetində terapevtik bərpa şöbəsində magistratura pilləsində təhsilini davam etdirib. Autizm cəmiyyətində işləyir.
Dörd kitab müəllifidir. Onlardan biri Almaniyada, üçü isə ABŞ-da işıq üzü görüb. Məqalələri Avropa və Amerikanın elmi jurnallarında dərc edilib. Eyni zamanda, bədii yaradıcılıqla da məşğul olur. İngilis dilində hekayələr, azərbaycan dilində isə şeirlər yazır.