Əşrəf Heybətov

Əşrəf Heybətov 1951-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
1991-ci ildən YUNESKO Rəssamlar Federasiyasının üzvü seçilib. Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq “Sülh səfiri”, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, “Dünya xalqları incəsənəti” Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, Rusiya Federasiyası Rəssamlar İttifaqının və Rusiya Şərqşünaslıq Cəmiyyətinin üzvüdür. Azərbaycan Respublikasının Əməkdar rəssamıdır.
2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 27 may 2018-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına layiq görülmüşdür.
“Azərbaycan-Almaniya” Dostluq Cəmiyyətinin İdarə Heyətində təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə kuratoru, Almaniya Rəssamlar Birliyi, Beynəlxalq PDA (“Platforma, Dialoq, Avrasiya”) təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.
Onun işlərinin əsas mövzusu Azərbaycan və Azərbaycan xalqıdır. Əşrəf Heybətov öz əsərlərinin çoxunda Bakının İçərişəhər hissəsinin dar küçələrini təsvir etmişdir. Son vaxtlar isə ümumtürk miqyaslı mövzulara üstünlük verir.
Hal-hazırda Almaniyanın Koblents şəhərində yaşayır.