İbrahim Əhrari

Əslən Azərbaycanlı olan İbrahim Əhrari Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub boya-başa çatıb. Rəssamlığa həvəsi də orada olarkən yaranıb. 1956-cı ildə Təbrizdə rəssamlıq məktəbinə daxil olub. Lakin o dövrdə İranda yaranmış siyasi vəziyyət və İbrahimin valideyinlərinin təkidi ilə o rəssamlıq sənətindən uzaqlaşıb. 1966-cı ildə İbrahim Əhrari Almaniyaya mühacirət edir və burada Berlin İncəsənət Ali Məktəbinin rəssamlıq, qrafika-dizayn fakultəsini bitirir.
İbrahim Əhrari 1975-ci ildən etibarən Almaniya Rəssamlar Təşkilatının işcisi kimi fəaliyyət göstərməyə başlayıb. 1973-1975-ci illərdə Tehran Universiteti incəsənət fakültəsinin və Tətbiqi İncəsənət Ali Məktəbinin dosenti olub. O, 1975-ci ildə Tehran Hote İnstitutunda Almaniya-İran Mədəniyyət Əlaqələri çərçivəsində şərgilərin təşkilatçısı kimi fəaliyyət göstərib. 1975-ci ildə Berlin Azad Universitetində İncəsənət Tarixi üzrə təhsil alıb. 1976-2003-cu illərdə isə cənublu soydaşımız Berlin Təsviri İncəsənət üzrə Sənətkarlar Cəmiyyətinin çap atelyesində ofort atelyesinin rəhbəri olaraq çalışıb.
Almaniyada yaşadığı müddətdə İbrahim Əhrari müntəzəm olaraq Azərbaycanın təbliği məqsədilə müxtəlif mədəni tədbirlərin keçirilməsinə təşəbbüs göstərir və həmin tədbirlərə təşkilatçılıq edir. 1988-ci ildə İbrahim Əhrari Almaniyada Azərbaycan mədəniyyətinə həsr olunmuş silsilə tədbirlər keçirir. 2008-ci ildə isə Azərbaycan Dövlət Təsviri İncəsənət Akademiyasinın fəxri doktoru adına layiq görülür. İbrahim Əhrari rəssam olmaqla yanaşı, həmçinin müxtəlif illərdə Azərbaycan Alman Mədəniyyətinin İnkişafı Cəmiyyətinin, Alman- Azərbaycan Mədəniyyəti Dostları Cəmiyyətinin sədri, Berlin-Bakı Qalereyasının qaleristi kimi də fəaliyyət göstərir. Həmyerlimiz 2007-ci ildən etibarən Berlin-Bakı Qalereyasının icraçı direktoru olaraq Azərbaycan və alman sənətkarlarının Berlində və Bakıda sərgilərinin təşkili işləri ilə məşğul olur. İbrahim Əhrari indiyə qədər İran, Əfqanıstan, Azərbaycan, Hindistan, Almaniya, Moskva, Fransa, Hollandiya, İspaniya, Belçika, Polşa, İngiltərə, Şimali İrlandiya, Braziliya, Argentina və Meksikada çoxsaylı sərgiləri keçirib. İbrahim Əhrari “Mən hər zaman varam”, “Xocalı ağırlığı” (rəsm, kətan üzərində yağlı boya və akril), “Mərd və Namərdin nağılı” (illustrasiya), “Əmin-amanlıq sorağında” (oyma, sulu murəkkəb), Dr.h.c. İbrahim Əhrari (litoqrafiya) və s. əsərlərin müəllifidir. O, həmçinin Berlində Xocalı soyqırımı qurbanlarına ucaldılmış abidənin də həmmüəllifidir.
2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə İbrahim Əhrari “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.