Zülfüqar Bağırov

Zülfüqar Bağırov 1973-cü ildə Bakıda anadan olmuşdur. O, 5 yaşından skripkaya maraq göstərmiş, 7 ildən sonra isə klarnetdə ifa etməyə başlamışdır. İstanbul Dövlət Konservatoriyasında təhsil almış və həmin müddətdə cazla maraqlanmışdır.
Konservatoriyada təhsilini başa çatdırdıqdan sonra Zülfüqar Bağırov ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Berkli Musiqi Kollecinə daxil olmuşdur. Ona Bill Pirs, Harri Skoler, Corc Qarzone və Cim Odqren kimi müəllimlər dərs deyib. Berklidə təhsil aldığı dövrdə o, Co Viola adına təqaüdə layiq görülmüş, “The Nevvburry Duo” dueti ilə EXPO-2001-də konsert vermək hüququ uğrunda müsabiqədə qalib gəlmişdir. 2003-cü ilin mayında kolleci bitirdikdən sonra Vaşinqtona gəlmiş, burada bir neçə kompakt disk yazdırmışdır. Konsertdə xarici bəstəkarların, habelə Zülfüqar Bağırovun öz əsərləri səsləndirilmişdir. Onun “Hindistan” əsəri böyük maraqla qarşılanmışdır.
Qara Qarayevin vəfatının 32-ci ildönümü ilə əlaqədar Z.Bağırovun ABŞ-da “QaraBağ: ZulfiqaRenatuS” albomu işıq üzü görüb. Albomda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından, Qara Qarayevin “Yeddi gözəl” baletindən və “Skripka və orkestr üçün konsert”indən parçalar, bəstəkar Zakir Bağırovun “Miniatürlər, Andanito” əsərindən müqəddimə yer alıb. Daha bir improvizə Fərəc Qarayevin “Qobustan kölgələri” baleti, Zakir Bağırovun “Miniatürlər, mahnı və rəqs” və “İki ifaçı üçün sonata”sının sintezindən ərsəyə gətirilib. Fərəc Qarayevin “Tristessa” əsərini improvizə edərək altıncı modeli hazırlamışdır.
Zülfüqar Bağırov görkəmli bəstəkarlar Qara Qarayev və Zakir Bağırovun nəvəsidir.