Asim Rəsuloğlu

Asim Rəsuloğlu 1955–ci ildə Şəki şəhərində anadan olub. 1971–1975–ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1975-80-ci illərdə Belarus Dövlət Teatr-İncəsənət İnstitutunda Monumental rəssamlıq şöbəsində təhsil almışdır.
O, 1978-ci ildən etibarən müxtəlif sərgilərin iştirakçısı olub, 1984-cü ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib.
Rəssam bir çox müsabiqə və sənət yarışmalarında uğurla iştirak edib, mükafatlara layiq görülüb. 1987-ci ildə Tokioda keçirilən müasir incəsənət mövzusunda sovet-yapon sərgisində qızıl medal qazanıb. 1988-ci ildə SSRİ Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı tərəfindən Moskvada təşkil olunan gənc rəssamların beynəlxalq sərgisində gümüş medala layiq görülüb. Növbəti il Bakıda Xəzəryanı respublikaların biennalesində, Bakı İncəsənət Mərkəzinin Fransada təşkil etdiyi Azərbaycanın müasir incəsənət sərgisində, Budapeştdə keçirilən Azərbaycanın gənc rəssamlarının sərgisində iştirak edib.
90-cı illərdən rəssam fərdi sərgilərlə çıxış etməyə başlayıb. İlk belə sərgisi isə 1991-ci ildə Parisdə Aleksandr qalereyasında açılıb. Bunun ardınca rəssamın Danimarkada, Almaniyada, Türkiyədə (İzmir və Ankara), Belçikada fərdi sərgiləri olub.
Asim Rəsuloğlunun əsərləri Moskvada Tretyakov Qalereyası, SSRİ Mədəniyyət Nazirliyi, SSRİ Rəssamlar İttifaqı, Şərq Ölkələri Muzeyi; Parisdə Alekandr Qalereyası; Bakıda İncəsənət Muzeyi, Azərbaycan Rəssamlar İttifaqı; Türkiyədə İlayda İncəsənət Qalereyası, Orkun Ozan İncəsənət Qalereyası; Nyu-Yorkda “Martin Lüter Kinq” kitabxanası; Vilnüsdə Litva Mədəniyyət Nazirliyində saxlanılır.