Marqarita Kərimova-Sokolova

Marqarita Kərimova-Sokolova 1942-ci ildə Bakıda anadan olmuşdur. Kuban Universitenin Qrafik rəssamlıq fakültəsini bitirmişdir.
Ulu babası İvan Sokolov İmperator Rəssamlıq Akademiyasını bitirmiş və özünün “Zaqafqaziya silsiləsi” işlərinə görə Roma Akademiyasının mükafatına layiq görülmüşdür. Sovet dövrünün ən mükəmməl rəssamlıq məktəbləri olan “Repin” adına Leninqrad Rəssamlıq Akademiyası və Surikov adına məşhur Moskva Rəssamlıq Akademiyasında təcrübə keçmişdir.
Marqarita Kərimova Azərbaycan Rəssamlar İttifaqı, SSRİ Rəssamlar İtifaqının, Beynəlxalq Rəssamlıq Fondu, YUNESKO Beynəlxalq Rəssamlar Federasiyasının, Rusiya İncəsənət Akademiyası beynəlxalq bədii fondunun üzvü, Estetik İnkişaf İctimai Fondunun vitse-prezidentidir.
Təsviri sənətdə özünəməxsus yeri olan Marqarita Kərimova Azərbaycan təsviri sənətini xaricdə uğurla təmsil edir. Bir çox simpozium və seminarlarda iştirak edən rəssamın Azərbaycan, Rusiya, ABŞ, Almaniya, Fransa, Avstriya, Əlcəzair, Polşa, İtaliya, Kuba, Estoniya və s.ölkələrdə şəxsi sərgiləri keçirilmişdir. Rəsmləri bu ölkələrdə şəxsi kolleksiyalar, rəsm qalereyaları və muzeylərdə saxlanılır.
Bir neçə il müəllimlik fəaliyyəti olan rəssam Kölndə “Yaradıcılıq” adlı studiya açmışdır.
2011-ci il 25 oktyabr ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi qalereyasında tanınmış rəssam Marqarita Kərimova-Sokolovanın 70 illik yubileyinə həsr olunmuş “100 AN” adlı sərgisi keçirilmiş və rəssamın əsərlərindən ibarət kataloq çap olunmuşdur. Qeyd edək ki, “100 AN” adlı ekspozisiya üç hissəli silsilədən ibarət olmuşdur: “Gül düsturları”, “Həvva” və “Karnaval dünyası”.
Yaradıcılığında klassik Avropa məktəbi ilə Şərq koloritinin və parlaq fərdiliyin vəhdət təşkil etməsi rəssamın əsərlərinin adi insanlar və tənqidçilər tərəfindən çox yüksək qiymətləndirildiyini izah edir.