Tofiq Davud oğlu Məlikli

Rusiya Federasiyası
Azərbaycanın əməkdar elm xadimi,
Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun (BTMF) vitse-prezidenti,
Moskva Dövlət Linqvistika Universitetinin professoru

Tofiq Məlikli 1942-ci ildə Gəncə şəhərində doğulub. Tənqidçi, ədəbiyyatşünasdır.1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakültəsində təhsil almışdır.1965-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor işləmişdir.
Tofiq Məlikli 1966-cı ildə Moskvaya gəlib, SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olub. Moskvada o vaxtlar SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda dünyanın məşhur alimləri, akademikləri dərs deyirdilər. 1968-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra 1969-76 illərdə həmin institutda kiçik elmi işçi kimi, 1978-91 illərdə isə böyük elmi işçi vəzifəsində çalışıb. 1976-1978-ci illərdə Türkiyədə İstanbul Unversitetinin rus dili və və ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb. 1991-1994 illərdə Türkiyədə İstanbul universitetinin ədəbiyyat fakültəsinin professoru işləyib.1994-cü ildə Moskvada Dünya Ədəbiyyatı İnstitutunda (MDƏİ) aparıcı elmi işçi olmuşdur.
Hazırda Moskva Dövlət Linqvistika (dillər) Universitetinin (MDLU) professorudur. Eyni zamanda, 1991-ci ildən Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun (BTMF) vitse-prezidentidir.
1995-ci ildən Moskva Dövlət Dilçilik Unversiteti şərq dilləri kafedrasının professor, eyni zamanda Türk dili və ədəbiyyatı mərkəzinin direktorudur.
Tofiq Məlikli filologiya elmləri doktorudur. 140-dan artıq elmi məqalənin, dörd monoqrafiyanın, həmçinin bir neçə şeirlər kitabının müəllifidir.
T.Məlikli, həmçinin Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsinin və “Ocaq” Cəmiyyətinin rəhbəri, Rusiya türkoloqları komitəsi sədrinin müavinidir.
Azərbaycanın əməkdar elm xadimi fəxri adını daşıyır.
2003-cü il oktyabr ayının 25-də Moskvada Azərbaycan Yazıçılar Birliyinin Moskva Bölməsi yaranarkən bölmənin sədri Tofiq Məlikli seçilmişdir.