Fərhad Adil oğlu Xudiyev

Amerika Birləşmiş Ştatları

Dirijor

Xudiyev Fərhad Adil oğlu 1985-ci ildə Türkmənistanda anadan olmuşdur. Ulu babası Təbrizdən Bakıya, Bakıdan da Türkmənistana getmişdir.

2001-ci ildə Aşqabadda Respublika Musiqi Məktəbinin doqquzuncu sinfini bitirərək ABŞ-ın Miçiqan ştatına gəlmişdir. Burada “İnterlochen Arts Academy”-da orta təhsillə yanaşı, skripka və bəstəkarlıq ixtisasına yiyələnmişdir. 2004-2008-ci illərdə Oberlin Konservatoriyasında həmin ixtisas üzrə ali təhsil almışdır. 2008-2010-cu illərdə Konnektikut ştatındakı Yel Universitetində ikinci ali təhsil kimi dirijorluq ixtisasına yiyələnmişdir. 2010-2011-ci illərdə Konnektikut, 2011-2012-ci illərdə Nyu Cersi orkestrlərində dirijorluq etmişdir.

2012-ci ildən Kaliforniya ştatının Gənclərin Musiqi Orkestrində baş dirijor və musiqi direktoru vəzifəsində çalışır. 2019-cu ildə Texas Universitetinin simfoniya orkestrinə dəvət almışdır.

Fərhad Xudiyev bir sıra uğurlara imza atmışdır. On iki yaşında olarkən Rusiyada keçirilən “Новые имена” (Yeni adlar) festivalında ilk azərbaycanlı kimi üç il dalbadal təmsil olunmuşdur. 2007-ci ildə ABŞ-da keçirilən beynəlxalq kamera musiqisi festivalında qızıl medala layiq görülmüşdür. 2009-cu ildə Yel Universitetində yenə də kamera musiqisi üzrə müsabiqədə birinci yeri tutmuşdur. 2015-ci ildə Tayvanda keçirilən “Dirijorların beynəlxalq müsabiqəsi”ndə mükafat almışdır. 2017-ci ildə Almaniyada baş tutan Şolti adına “Dirijorların beynəlxalq müsabiqəsi”ndə üçüncü yerə çıxmışdır. 2018-ci ildə isə Amerikada keçirilmiş “Gənc dirijorların müsabiqəsi”ndə Şolti adına mükafata layiq görülərək, Amerikanın beş ən yaxşı dirijorundan biri seçilmişdir. F.Xudiyev Azərbaycan musiqisinə də biganə deyil. 2013-cü ildə məşhur kamança ifaçısı İmamyar Həsənov və Monterey Gənclər Orkestrinin iştirakı ilə ABŞ-da ilk dəfə olaraq Azərbaycan simfonik musiqisindən ibarət konsertin keçirilməsinə nail olmuşdur. Konsertdə onun dirijorluğu ilə Hacı Xanməmmədovun kamança və simfonik orkestr üçün bəstələdiyi musiqilər səsləndirilmişdir. 2018-ci ildə isə Monterey Simfonik Orkestrinin iştirakı ilə daha bir konsert təşkil edilmişdir.

Həyat yoldaşı Marcilə xanım əslən Əfqanıstandandır. İxtisasca ekoloqdur.

Qeyd edək ki, Fərhad Xudiyev təbiət qoynunda olmaqdan zövq alır. Mütaliə etməkdən yorulmur. Futbol oynamağı xoşlayır. Bədii yaradıcılıqla da məşğul olur. İndiyədək beş kamera və üç simfonik əsər bəstələmişdir.