Fatimə Rüfət qızı Məlikli

ABŞ

ABŞ Prezidenti Trampın xüsusi diplomuna layiq görülmüş həmvətənimiz

Fatimə Rüfət qızı Məlikli 2002-ci ildə Bakıda anadan olmuşdur. 2016-cı ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır. Atası Rüfət Məlikov Azərbaycan Dillər Universitetini bitirib, tərcüməçidir. Anası Jalə Əliyeva şair, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi Hacı Mailin qardaşı qızıdır. O da Azərbaycan Dillər Universitetinin məzunudur, ixtisaca ingilis dili müəllimidir.

Hazırda on birinci sinfi bitirən bu xanım səkkizinci sinfin ikinci yarısını “Auburndale Middle School”da davam etdirsə də doqquzuncu sinifdən Tastin şəhərinin “Magnolia Science Academy Santa Ana” tədris ocağında təhsil almışdır. Onuncu sinifdən “Santa Ana” Kollecində də təhsil almışdır.

Los-Ancelesdəki “Redondo Beach” kitabxanasında Azərbaycan dili bölməsinin açılmasına nail olmuşdur. Həmin bölməyə “Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti”nin icraçı direktoru Kimiya xanım Məmmədova ilə birlikdə azərbaycan-ingilis dillərində xeyli kitab da hədiyyə etmişlər. Şagirdlər üçün nəzərdə tutulan müxtəlif layihələrin, festivalların təşkilatı işləri ona həvalə olunub. Bundan əlavə o, 2018-ci ildə təsis etdiyi “WE” adlı klubun rəhbəridir. Həmin klubun xətti ilə imkansız amerikalılar üçün şagirdlərdən beş yüz əlli qutu ərzaq toplayaraq “Orange County Food Bank” təşkilatına təqdim etmişdir. Eyni zamanda, “WE ARE SILENT” layihəsinə əsasən oxuduğu tədris ocağının idman zalında Floridanın məktəblərindən birində baş verən silahlı insidentlə bağlı tədbir həyata keçirmişdir. Gələn il Afrikada açılacaq məktəbin sinif otaqlarından birinin mebellə təhciz olunması üçün min dollar məbləğində ianə toplamışdır. Üç ildir ki, qan xərçəngindən əziyyət çəkən insanlar üçün pul toplayıb “Qırmızı Xaç Cəmiyyəti”nə təhvil vermişdir. Bu arada azərbaycanlı olduğunu da unutmur. Azərbaycanın təbliği üçün əlindən gələni etməyə çalışır. Yeni dərs ilində Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirməyi qərara almışdır.

Ana dili ilə yanaşı, ingilis, rus, türk dillərində sərbəst danışır. Üstəlik ispan, koreya, vyetnam dillərini də orta səviyyədə bilir.

 2017-ci ildə doqquzuncu sinfi yüksək balla bitirdiyinə görə ona ABŞ prezidenti Trampın imzası ilə xüsusi diplom təqdim edilmişdir. Dəqiq elmlər üzrə keçirilən “STEAM EXPO” müsabiqəsində riyaziyyat fənnindən birinci yerə layiq görülmüşdür. 2019-cu ildə tarix fənni üzrə olimpiadada qızıl medal almışdır. Əla qiymətlərlə oxuduğuna görə ona yaşadığı şəhərin yerləşdiyi “Orange County”-nin rəhbərliyi tərəfindən iki nailiyyət sertifikatı təqdim olunmuşdur.