Elvin Abbasbəyli

Fransa Respublikası

Beynəlxalq Sinxron Tərcüməçilər Assosiasiyasının ilk azərbaycanlı üzvü,

Fransa Prezidenti və hökumətinin akkreditasiyalı tərcüməçisi

Elvin Abbasbəyli 1980-ci ildə Neftçala rayonunda müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Neftçala şəhər Əlif Piriyev adına 2 saylı orta məktəbdə, ali təhsilini isə Azərbaycan Dillər Universitetinin fransız dili tərcümə fakültəsində almışdır. Daha sonra ali təhsilini davam etdirmək üçün Fransaya getmişdir. Azərbaycan Dillər Universitetinin sonuncu kursunda Fransa Səfirliyində bir aylıq təcrübə keçdikdən sonra sabiq səfir Jan-Pyer Ginütün sayəsində xarici işlər naziri və digər nazirlərlə görüşlərində də tərcüməçilik etmişdir. Fransa hökumətinin verdiyi təqaüdlə Strasburq Universitetinin nəzdindəki Yazılı və sinxron tərcüməçilik və Beynəlxalq əlaqələr İnstitutunda (ITI-RI) ilk öncə yazılı tərcümə, daha sonra isə sinxron tərcümə üzrə magistr diplomu almışdır.

Bundan sonra peşə fəaliyyəti ilə yanaşı, Strasburq Universitetində tərcüməşünaslıq üzrə elmi iş üzərində işləmişdir. Tərcüməşünaslıq və türkologiya üzrə elmlər doktoru dərəcəsini almışdır.

Hal-hazırda sinxron tərcümə ilə yanaşı, yazılı tərcümə fəaliyyətilə də məşğul olan E. Abbasbəyli kitab tərcümələri üzərində işləyir və elmi məqalələr yazır. Bundan əlavə, Parisdə yerləşən və Sorbon Universitetinə daxil olan Dövlət Şərq Dilləri və Sivilizasiyaları institutunda (İNALCO) Azərbaycan dilini tədris edir.