Emin Quliyev

ABŞ

Azərbaycanlı rəssam, SSRİ Rəssamlar İttifaqının üzvü

Emin Quliyev 1961-ci ildə Bakıda anadan olmuşdur. Səkkizinci sinfədək 6 nömrəli orta məktəbdə təhsil almış, daha sonra dörd il müddətində Əzim Əzimzadə adına Rəssamlıq məktəbində tam orta təhsil almışdır. 1981-1987-ci illərdə Gürcüstan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil alaraq heykəltəraşlıq ixtisasına yiyələnmişdir.

1989-1992-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının aspiranturasında təhsilini davam etdirmişdir. 1992-2004-cü illərdə Azərbaycan Rəssamlar İttifaqında çalışmışdır. Sonra iki il ailəsi ilə birlikdə Afrikada, Sudanın paytaxtı Xartum şəhərində yaşamışdır. Bir il SSRİ Rəssamlar İttifaqının üzvü olsa da, hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Əsərləri 1982-ci ildə Bakıda “Gənc rəssamlar” sərgisi, 1990-cı ildə “Payız” sərgisi, 1991-ci ildə Bakıda 20 Yanvar hadisələrinə həsr olunmuş sərgi, 1995-ci ildə Azərbaycan rəssamlarının milli sərgisində nümayiş etdirilmişdir. 2006-cı ildə Bakı şəhərində fərdi sərgisi keçirilmişdir. 1987-ci ildə SSRİ Heykəltaraşlıq Diplom Sərgiləri İttifaqının mükafatını, 1997-ci ildə Beynəlxalq Sərgi Olimpiadasının IV və V mükafatlarını qazanmışdır.

2006-ci ildən etibarən ABŞ-ın Nyu York şəhərində yaşayır. Həyat yoldaşı Nərminə Ziyatlı Azərbaycanın böyük oğlu Cavad xanın kötücəsidir. BMT-nin Nyu York ofisində çalışır.

E.Quliyev Nyu-Yorka gələndən sonra üç il müstəqil rəssam-heykəltaraş kimi öz şəxsi emalatxanasında yaradıcılıqla məşğul olmuşdur. 2009-cu ildən “My Way” inkişaf mərkəzində heykəltaraşlıq və rəssamlıq üzrə sənət direktoru vəzifəsində çalışır. İndiyədək qırxdan çox yetirməsi ABŞ-ın rəssamlıq məktəb və kolleclərinə qəbul ola bilmişdir.

2019-cu ildə Nyu-Yorkun “Susan Eley Fine Art Gallery” və “Artifact Gallery”sində iki fərdi sərgisi keçirilmişdir. Onun amerikalı yetirmələrinin rəsmlərindən ibarət “My Way to like Azerbaijan”, “Mənim Qarabağdan keçən yolum” adlı iki albom katoloq artıq işıq üzü görmüşdür.