Sevda Malik qızı Axundova

ABŞ

“Floridanın Azərbaycan-Amerika Asossasiyası”nın təhsil məsələləri üzrə şöbəsinin rəhbəri

Sevda Axundova Bakıda anadan olmuşdur. 1986-cı ildə 9 nömrəli məktəbdə orta təhsilini bitirərək Moskva Piraqova adına ikinci Tibb İnstitutuna qəbul olmuşdur. 1992-ci ildə oranın pediatriya fakültəsini müvəffəqiyyətlə başa vurmuşdur. Sonra bir il Bakıdakı 6 nömrəli xəstəxanada internatura keçərək pediatr-endokrinoloq ixtisasına yiyələnmişdir. Həmin xəstəxanada qalaraq 2002-ci ilədək orada öz ixtisası üzrə həkim işləmişdir. Eyni zamanda, Azərbaycan Endokrinologiya Mərkəzində professor Valeh Mirzəzadənin rəhbərliyi altında elmi araşdırmalarla məşğul olmuşdur. 2002-ci ildə ailə quraraq Amerikaya gəlmişdir. 

Həyat yoldaşı İsmayıl Davud Suriya əsilli ABŞ vətəndaşıdır. İxtisasca kompüter üzrə mütəxəsisdir. İki övladı var.

Sevda Axundova ABŞ-a gəldikdən bir il sonra Cənubi Kaliforniyadakı Touro Beynəlxalq Universitetinin tibb fakültəsində fəaliyyət göstərən ictimai sağlamlıq üzrə doktoranturaya qəbul olunmuşdur. 2006-cı ildə elmi işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnmişdir (PhD). 2006-cı ildən Florida ştatının Fort Lauderdale şəhərində yaşayır və “Life Extension” şirkətində həkim işləyir. Eyni zamanda, elmi tədqiqatlarını davam etdirir. 

  İctimai fəaldır. Azərbaycan naminə xeyli işlərdə xidməti olub. Töhfə Eminovanın prezidenti olduğu “Floridanın Azərbaycan-Amerika Asossasiyası”nın təhsil məsələləri üzrə şöbəsinin rəhbəridir. Təşkilatın ərsəyə gətirdiyi tədbirlərdə yaxından iştirak edir.