Fəxri Fərid oğlu Mirzəquliyev

ABŞ

Los Ancelesdə polis şöbəsinin rəhbəri (şerif)

Fəxri Mirzəquliyev 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 15 yaşı hələ tamam olmamış orta təhsilini başa vurmuş və indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur. 2001-ci ildə maliyyə-kredit fakültəsini bitirərək ali təhsilə yiyələnmişdir. 2002-ci ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır. Uşaq yaşlarından orta məktəbi bitirənədək şahmat və üzgüçülük idman növləri ilə məşğul olmuşdur. Hətta bu idman növləri üzrə respublika yarışlarında müxtəlif mükafatlara layiq görülmüşdür. Tələbəlik illərində isə əvvəlcə sərbəst güləşlə məşğul olsa da bir müddətdən sonra İsrail ordusunda tətbiq olunan “Krav Maga” döyüş növü üzrə məşqlərə qatılmış, o vaxtdan indiyədək “Krav Maga” ilə məşğul olmuşdur.

Fəxri Mirzəquliyev Kaliforniyanın Los Anceles şəhərinə gələndə iyirmi yaşı vardı. On dörd il müxtəlif işlərdə çalışmışdır. Los Ancelesdəki Kaliforniya Universitetinin hüquq fakültəsində iki illik tədris proqramını altı aya bitirərək hüquqşünas ixtisasına yiyələnmişdir. 2016-cı ildə sıravi polis kimi Los Ancelesdə işə başlamışdır. Qısa müddətdə özünü doğruldaraq, şerif vəzifəsinədək yüksələ bilmişdir. Hazırda həbsxanalar üzrə qanqsterlərlə mübarizə şöbəsinin şerifi vəzifəsində çalışır.