Elmira Mirzəyeva

Rusiya Federasiyası

Qadınlar arasında beynəlxalq qrossmeyster, idman jurnalisti, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin şahmat şərhçisi

Elmira Mirzəyeva 1981-ci il 2 noyabr tarixində Moskva şəhərində azərbaycanlı ailəsində anadan olub. Əslən Gəncəlidir.

1955-ci ildə məktəbli qızlar arasında mütləq Moskva çempionu olub. 1996-ci ildə Kaluqa şəhərində keçirilmiş Rusiya birinciliyinin finalında 16 yaşa qədər qızlar arasında Rusiya çempionu adını qazanıb.

1996-cı ilin oktyabr-noyabr aylarında  İspaniyada keçirilmiş yeniyetmələrin dünya birinciliyində Rusiya yığmasının heyətində çıxış edib. 1998-ci ildə qadınlar arasında blits üzrə Moskva çempionu, bir il sonra isə qadınlar arasında blits üzrə Rusiya Kubokunun sahibi olub.

E. Mirzəyeva 2008-ci ildə şahmat üzrə jurnalistlər arasında qeyri-rəsmi dünya çempionatının qalibi olub. Eyni zamanda, 2011, 2012, 2013 və 2014-cü illərdə “Moskva open” beynəlxalq şahmat festivalının mükafatçısı olmuşdur.

2003-2004-cü illərdə “7TV” telekanalının xüsusi müxbiri işləyib. 2004-2006-cı illərdə “Sport” kanalının müxbiri və şahmat şərhçisi olmuşdur. 2005-2006-cı illərdə “Sport” telekanalında yayımlanmış “Alp dağlarında şahmat” və “Şah və ya mat” proqramlarının müəllifi və aparıcısı olmuşdur. 

2006-cı ilin Türin Qış Olimpiya Oyunlarında “Sport” telekanalının xüsusi müxbiri kimi çalışıb. 2008-ci ildən 2010-cu ilədək “NTV+Sport” və “NTV+Futbol” kanallarında “Xəbərlər” informasiya proqramının apacısı işləyib. 

2006-cı ildən etibarən “Mayak”, “Vesti Ef Em” və “Rusiya Radiosu”nda informasiya proqramının aparıcısı və şahmat şərhçisi işləyir.