Xəqani Qayıblı

 Fəxri Estoniya vətəndaşlığı alan ilk azərbaycanlı

Əslən Qazax rayonunun Salahlı kəndindən, məşhur Qayıbovlar nəslindən olan Xaqani İsmayıl oğlu Qayıblı 1 mart 1964-cü ildə Gürcüstanda, Aran Borçalıda –  Qaraçöp mahalının Ləmbəli kəndində anadan olmuşdur. Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Qazax rayonunda fərqlənmə ilə bitirib.

1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin  xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycamn Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən  Estoniyaya, Tartu Universitetinə göndərilib.

Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir. 

1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisi, 1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzinin müdiridir.

“Eston və türk dillərində feil quruluşlarının müqayisəsi” adlı elmi işi ilə dünya dilçiliyində Fin-Uqor və Türk-Tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran ilk azərbaycanlı alimdir.

Əsərləri eston, gürcü, rus, latış, alman dillərinə və tatar, qazax, qaqauz, Türkiyə türkcəsinə tərcümə edilib.

30-dan çox ictimai-siyasi, tarixi, elmi-mədəni məqalənin və 1 monoqrafiyanın müəllifidir.

2000-ci ildə Estoniya hökuməti tərəfindən Türkiyə və Estoniya arasında diplomatik və mədəni əlaqələrin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə fəxri Estoniya vətəndaşlığı alan ilk azərbaycanlıdır.

X. Qayıblı, həmçinin, Azərbaycan Yazıçılar Birliyi, Estoniya Akademik Şərqşünaslar cəmiyyəti, Estoniya Jurnalistlər Akademiyası, Estoniya Ana Vətən və Respublikaçılar Birliyi partiyasının üzvüdür.