Vüsalə Yusif Əmirbəyova

 Vüsalə Əmirbəyova 22 oktyabr 1978-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 1993-cü ildə Sumqayıt Musiqi Kollecinə qəbul olunub. 1996-cı ildə ölkə pianoçular müsabiqəsinin qalibi olub. 1997-ci ildə Kolleci fərqlənmə diplomu ilə bitirib.1997-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo ifa və fortepiano fakültəsinə daxil olub.

2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistr dərəcələrinə yiyələnib. Hər iki səviyyəni fərqlənmə diplomu ilə bitirib. 2003-2011-ci illərdə Azərbaycan Milli Konservatoriyasında konsertmeister kimi çalışıb və Sumqayıt Musiqi Kollecində pianodan dərs deyib.

2007-ci ildə Almaniyada Lüdviqshafen şəhərində musiqi kollecində solo konsert verib.

2012-ci ildə London Musiqi Akademiyasının solo piano ifaçısı LRSM diplomuna layiq görülüb.

2012-ci ildə Osman Sultanlığının milli televiziya kanalı olan OmanTV-də verdiyi solo konsert, eyni zamanda Kanalın fondunda da saxlanılır. 

2015-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən “Multidisiplinar Tədqiqat və Təcrübədə yeni istiqamətlər” adlı beynəlxalq konfransda Azərbaycanın görkəmli bəstəkarları Cövdət Hacıyev və Fikrət Əmirovun yaradıcılığı ilə bağlı şifahi  təqdimat edib.

2015-ci ilin mart ayında  Oman Sultanlığında Sultan Qabus Universitetinin  İncəsənət  və sosial elmlər jurnalında ilk azərbaycanlı olaraq müəllifi olduğu “Azərbaycan bəstəkarlarının məktəbi” adlı elmi məqaləsi dərc olunub.

2016-cı ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

2017-ci ildə ilk azərbaycanlı olaraq Yaponiyada Tokio şəhərində keçirilən “Çoxprofilli akademik tədqiqatlarda qlobal məsələlər” adlı III beynəlxalq konfransda Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığı haqqında təqdimatla çıxış edib.

Bununla yanaşı, 2017-ci ildə  ilk azərbaycanlı olaraq Tailandın Banqkok şəhərində keçirilən Universal Klaster Beynəlxalq Oktyabr Konfransında  Azərbaycan musiqisinin spesifik və qeyri spesifik bədii məzmununa dair təqdimatla çıxış edib.

İngiltərənin nüfuzlu Kembric Universitetində İctimai Elmlər üzrə Fənlərarası Araşdırmalar üzrə IX Beynəlxalq Konfransda (ICISSS-2018) Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin həyat və yaradıcılığı barədə geniş məruzə ilə çıxış edib. İngiltərə, ABŞ, Fransa, İtaliya, Rumıniya, Türkiyə, Çin, Cənubi Koreya, Cənubi Afrika və digər ölkələrdən gəlmiş alimlərin qatıldığı bu konfransda Azərbaycan nümayəndəsinin iştirakı bir ilk idi.

2019-cu ildə ilk azərbaycanlı olaraq Sinqapurda İncəsənət və Humanitar elmlər üzrə 18-ci beynəlxalq konfransda Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun yaradıcılığı ilə bağlı şifahi təqdimat edib.

2019-cu ilin may ayında İstanbul şəhərində keçirilən “14-cü Beynəlxalq Pera Piano festivalı” yarışmasında birinci yerə layiq görülüb

2020-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən pianistlərin və musiqişünasların “Yer və Səma” adlı  II Beynəlxalq Multimedia yarışmasında 20 nəfər arasında seçilən 3 diplomantdan biri kimi yüksək peşəkarlığına və sənətkarlıq bacarığına görə Diplomla təltif edilib.

Gənc alim-tədqiqatçı olaraq fəaliyyəti dövründə həm solo konsertlərdə, həm də beynəlxalq konfranslarda  Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr edilmiş təqdimatlarla çıxış edib. 2011-ci ildən Oman Sultanlığında yaşayır və hal-hazırda Sultan Qabus Universitetində fortopiano müəllimi işləyir. Ailəlidir, iki övladı var.