Nuran Abdullayev

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetİ Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru

Nuran Abdullayev 1989-cu ildə Bakı şəhərində anadan olub. Bakıda Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alıb və burada ingilis dilində sərbəst danışmaq bacarıqlarına yiyələnib. 2006-cı ildə məktəbi fərqlənmə attestatı ilə bitirərək Azərbaycan Tibb Universitetinə qəbul olub. 2012-ci ildə Universiteti fərqlənmə diplomu ilə başa vurub. Daha sonra Türkiyəyə gedərək Türkiyənin müxtəlif universitetlərində təcrübə mübadiləsində, yay təcrübələrində iştirak edib.

Nuran Abdullayev 2012-ci ildə tibb təhsilini davam etdirmək üçün Almaniyanın Köln Universitetinə müraciət edib. 2012-ci ilin yayında Kölnə gələn N.Abdullayev Universitet klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunda təcrübə keçməyə, eyni zamanda alman dilini öyrənməyə başlayıb. 3 ay ərzində alman dilində danışıq bacarıqlarını xeyli təkmilləşdirən həmyerlimiz, onu Almaniyaya dəvət edən professorun tövsiyəsi ilə, bu ölkədə fəaliyyətini davam etdirib və Köln Universiteti klinikasında həkim ştatında rəsmi işə baslayıb. Eyni zamanda, Almaniya tibbinin ekvivalentlik imtahanını uğurla verərək  Avropada ömürlük həkim işləmək hüququ qazanıb.

N.Abdullayev Almaniya və Avropa Radiologiya Cəmiyyətində doktorluq işinin təqdimatından sonra Köln Universitetində uğurla müdafiə edib və elmi ad alıb.

Nuran Abdullayevin əldə etdiyi yeniliklərdən biri dünyada ilk dəfə olaraq xüsusi metodla kompüter tomoqrafiya ilə sümük sıxlığını təyin etməkdir. Gənc həkimin bu yeniliyi dünyanın aparıcı tibbi mərkəzlərinin, elmi təşkilatların diqqətini cəlb edib. Amerikanın sümük patologiyalarına aid ən nüfuzlu elmi jurnalında gənc alimin məqaləsi dərc olunub.

Bu məqalə Birləşmiş Ştatların tibb elmi dairələrində xüsusi maraqla qarşılanıb və həmyerlimizin növbəti elmi araşdırması üçün stimul olub. O, dünyada ilk dəfə Philips şirkətinin xüsusi növ kompüter tomoqrafiyası vasitəsilə sümükdə ödemin görüntüsünü ala bilməyin mümkünlüyünü elmi dəlillərlə sübuta yetirib. Gənc alimin bu nailiyyəti Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində keçirilən dünyanın ən nüfuzlu radioloji konqresində Plilips şirkəti tərəfindən təqdim olunub.

Nuran Abdullayev 50-dən artıq elmi məqalənin müəllifidir. O, elmi tədqiqatlarını həyata keçirmək üçün dünyanın müxtəlif nüfuzlu elmi mərkəzlərindən 10-dan artıq təqaüd alıb və bu mərkəzlərlə birlikdə tədqiqatlara qoşulub. 2019-cu ildə beyin əməliyyatları sahəsində əldə etdiyi yenilikləri araşdırmaq və tədqiqatlarını sona çatdırmaq üçün Almaniyanın Neyroradiologiya Cəmiyyəti ilə əməkdaşlığa başlayıb və bu cəmiyyətin xüsusi təqaüdünü qazanıb. 2019-cu ilin oktyabr ayında Frankfurt şəhərində keçirilən 2-ci alman insult məktəbinə ən gənc invaziv neyroradioloq kimi qoşulması və bunun üçün təqaüd alması da Nuran Abdullayevin uğurları sırasındadır.

2020-ci ildə isə elmi araşdırmalarını intensivləşdirmək məqsədilə Philips şirkəti gənc alimə təqaüd ayırıb. Hal-hazırda Köln Universitet Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır.

Nuran Abdullayev elmi-tədqiqat və pedaqoji fəaliyyəti ilə bərabər, tibb elmi sahəsində nüfuzlu jurnallarda ekspert qismində fəaliyyət göstərir. Onun “Veb of Science” qrupuna daxil olan jurnallarda dərc olunan məqalələrinə ümumilikdə 250-dən artıq istinad olunub.