Süleyman Allahverdiyev

Rusiya Elmlər Akademiyası Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, Biologiyanın Fundamental Problemləri  İnstitutunun baş elmi işçisi,  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru

Allahverdiyev Süleyman İfxan oğlu 1950-ci il avqustun 1-də Ermənistan Respublikasının Krasnoselsk rayonunun Çaykənd kəndində anadan olub. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib. 1973-1977-ci illərdə Çaykənd orta məktəbində fizika müəllimi vəzifəsində işləyib. 1977-ci ildə SSRİ Elmlər Akademiyasının Fotosintez İnstitutunun (indiki REA-nın Biologiyanın Fundamental Problemləri İnstitutu) aspiranturasına daxil olub. 1984-cü ildə SSRİ EA-nın Biofizika İnstitutunda (Puşşino) biofizika üzrə namizədlik dissertasiyası müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. Namizədlik dissertasiyasının müdafiəsindən sonra S.Allahverdiyev SSRİ EA-nın Fotosintez İnstitutunda işləməyə başlayıb. 2002-ci ildə o, REA-nın Bitkilərin Fiziologiyası İnstitutunda “Bitkilərin fiziologiyası və biokimyası” ixtisası üzrə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib.

S.Allahverdiyev fotosintez, fiziologiya, biofizika, biokimya və molekulyar biologiya sahələrində tanınmış mütəxəssisdir. Onun tədqiq etdiyi 2-ci fotosistemin (FS-2) elektron-nəqliyyat zəncirində fəaliyyətin əsasını təşkil edən ilkin mexanizmlərin, fotosintez zamanı elektronların təklif olunan energetik və kinetik yerdəyişmə sxemi bütün dünyada fotosintez üzrə dərsliklərə daxil edilib.

S.Allahverdiyevin elmi araşdırmalarının nəticələri, müntəzəm olaraq, “Chemical Reviwers”, “Proceedings of National Academy of Science USA”, “The EMBO Journal”, “J Photochem. Photobiol”, “Photosynthesis Research”, “FEBS Letters” və s. nüfuzlu jurnallarda dərc edilir.

S.Allahverdiyev bitkilərin fiziologiyası və biokimyası, fotosintez və nanotexnologiyalara dair elmi əsərlər nəşr edən aparıcı beynəlxalq jurnalların, o cümlədən “Biochimica et Biophysica Acta (BBA-Bioenergetics)”, “International Journal of Hydrogen Energy”, “Journal of Photochemistry and Photobiology B: Biology”, ““Frontiers in Plant Physiology” və s. redaksiya heyətinin üzvüdür. O, həm də doktorluq dissertasiyalarının müdafiəsi üzrə iki ixtisaslaşmış şuranın üzvüdür. S.Allahverdiyevin rəhbərliyi altında 2 elmlər doktoru və 6 elmlər namizədi hazırlanıb.

S.Allahverdiyev 350-dən çox məqalənin, 6 ixtiranın və 8 kitabin müəllifidir. O, 25-dən çox ölkədə (Avstraliya, Fransa, Hollandiya, Almaniya, Sinqapur, İsveç, Çexiya, Macarıstan, Türkiyə, Hindistan və s.) dəvətli professor kimi çalışıb,  dünyanın 40-dan çox ölkəsində, o cümlədən Avstraliya, Macarıstan, Yaponiya, Almaniya, İspaniya, Kanada, Hollandiya, Sinqapur, Fransa, İsveç, Türkiyə və s. dövlətlərdə dəvətlə mühazirələr oxuyub.

2019-cu ilin sonunda “Clarivate Analytics” şirkəti tərəfindən çap olunmuş illik hesabatda “Highly Cited Researchers” siyahısında daha çox istinad olunan alimlərin sırasında S.Allahverdiyevin də adı qeyd edilib.