Fəridə Sadıqova – Buyuran

Azərbaycan mətbəxini ABŞ-da tanıdan və sevdirən azərbaycanlı kulinar

Fəridə Sadıqova – Buyuran  Bakıda anadan olub. 1994-cü ildə 5 saylı məktəbdə orta təhsilini başa vurub. 1994-1998-ci illərdə Azərbaycan Xarici Dillər Universitetində ingilis-fransız dilləri üzrə bakalavr, 1998-2000-ci illərdə magistr dərəcələrinə yiyələnib. 1999-2001-ci illərdə “Azerbaijan International” jurnalında çalışıb. Orada işləyərkən jurnalın Los-Ancelesdəki baş ofisinə dəvət alaraq bir illik ixtisasartırma kurslarında iştirak edib. 2002-ci ildə ailə qurduqdan sonra Los-Ancelesə köçüb. 2003-2005-ci illərdə Kaliforniya Dövlət Universitetində ikinci ali təhsil alaraq, “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Onun “Narlar və Zəfəran: Azərbaycana kulinar səyahəti” (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) kitabı “National Indie Excellence Awards” beynəlxalq mükafatına layiq görülüb. 2014-cü ildə yuxarıda adı göstərilən kitab geniş oxucu kütləsinə təqdim olunandan sonra onu kulinariya ilə bağlı müxtəlif tədbirlərə dəvət ediblər. Həmin tədbirlərin əksəriyyətində Azərbaycan mətbəx mədəniyyəti ilə bağlı mühazirələr oxuyub.

İndiyədək mətbəximizlə maraqlanan 150-yə yaxın amerikalıya öz evində milli xörəklərimizin bişirilmə qaydalarını öyrədib. Evində yemək dərsləri keçir, mətbəximizin sirlərini xaricilərə aşılayır. O, eyni zamanda amerikalıların Azərbaycana “Mətbəx və mədəniyyət” turlarını təşkil edir. Tur iştirakçılarını ölkəmizin bir sıra rayonlarına apararaq müxtəlif kəndlərdə yaşayan az saylı xalqların mətbəxi ilə tanış edir.

Fəridə Sadıqova-Buyuran 20 ilə yaxındır ABŞ-da yaşayır və orada Azərbaycan mətbəxini təbliğ edir.