Məsud Aşina

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru

Məsud Aşina 1965-ci ildə Bakıda anadan olub. Bakıda 20 saylı məktəbdə təhsil alıb. Hələ məktəbdə oxuyarkən həndbolla məşğul olub və bədən tərbiyəsi üzrə məktəb şurasının sədri olub. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirib. Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında internatura keçib və 1989-cu ildə Danimarkaya köçüb.

Kopenhagendə yarımillik təkrar internaturadan sonra Məsud Aşina intensiv surətdə elmlə məşğul olmağa başlayır. Nəticə etibarilə, 2000-ci ildə Kopenhagen Universitetində dissertasiya müdafiə edib PhD dərəcəsi və 2003-cü ildə doktorluq dərəcəsi alıb. 2006-cı ildə Kopenhagen Universitetinin nevrologiya üzrə dosenti olub və universitet klinikasının bazasında işləməyə başlayıb. 2014-cü ildə Danimarka Milli Hospitalı və Kopenhagen Universitetinin nevrologiya professoru adına layiq görülüb. 2017-ci ildə Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin (International Headache Society) prezidenti seçilib. “Miqrenin patofiziologiyası” kitabının, beynəlxalq tibbi nəşrlərdə baş ağrıları və miqrenlə əlaqədar dərc edilmiş 400-dən çox məqalənin müəllifidir. PubMed-də (1997-2017) tam olaraq 158 qeydiyyatdan keçmiş yazısı var.

Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi vəzifəsində çalışır. Eyni zamanda, Danimarka Başağrıları və Nevrologiya mərkəzinin və İnsan Miqren Araşdırmaları mərkəzinin rəhbəridir.

M.Aşina, eyni zamanda Danimarka Nevroloji Cəmiyyəti, Baş Ağrıları Tədqiqatları Beynəlxalq Birliyinin üzvüdür.

1998-ci il Danimarka Nevrologiya Cəmiyyəti tərəfindən ən yaxşı elmi təqdimat üçün “Moqens Foq” mükafatı, 2000-ci ildə Qlakso Smit Klayn tədqiqat mükafatı, 2003-cü ildə Elmi nailiyyətlər üçün Danimarka Miqren Cəmiyyəti mükafatı, 2005-ci ildə Danimarka Nevrologiya Cəmiyyəti tərəfindən Nevrologiyada elmi nailiyyətləri üçün Roşe mükafatı ilə təltif edilib.