Səid Aşina

Nyu-York Lanqon tibb mərkəzində nevrologiya tibb dosenti və Nyu-York Lüteran Tibb Mərkəzində Baş ağrısı şöbəsinin rəhbəri

Səid Aşina 1972-ci ildə Bakıda anadan olub.

Tibb təhsilini Danimarkanın Kopenhagen Universitetində, tibbi təcrübəsini 2005-2006-cı illərdə Yeni Haven ştatının Yeil Universiteti tibb məktəbinin Müqəddəs Rafael xəstəxanasında qazanmışdır. 2006-2007-ci illərdə nevrologiya rezidensiyasını Albert Eynşteyn tibb kollecində edib. Daha sonra 2007-2010-cu illərdə Montefior Baş ağrısı mərkəzində və Danimarka Baş ağrısı mərkəzində təhsilini davam etdirmişdir.

Hal-hazırda Amerika Psixiatriya və Nevrologiya Şurasının və Nevroloji Müxtəlifliklər üzrə Vahid Şuranın Baş ağrısı mərkəzində çalışır. Beynəlxalq Baş ağrısı Cəmiyyəti Təhsil Komitəsinin üzvüdür. Həmçinin, Baş ağrısı Pozuntularının Beynəlxalq təsnifatının 3-cü nəşri üçün Tension-Type baş ağrısı üzrə Beynəlxalq baş ağrısı cəmiyyətinin alt komitəsinin üzvü, Nevrologiya İcmalının redaktoru, Baş ağrısı və Ağrı jurnalının məsləhət şurasının üzvüdür. 

Səid Aşina Amerika Baş ağrısı Cəmiyyətinin Kliniki Baş ağrısı Yoldaşlıq mükafatı və 2012-ci ildə Avropa Baş ağrısı Federasiyası/Baş ağrısı Tədqiqatları üçün İtaliya Cəmiyyətinin təsis etdiyi Enriko Qreppi mükafatları da daxil olmaqla öz fəaliyyəti istiqamətində bir sıra mükafatlar əldə edib.  2013-2014-cü illərdə Nyu-Yorkun Yüksələn Ulduzlar siyahısında Super Həkimlər adına layiq görülüb. Onun tədqiqat maraqları baş ağrısı və xroniki ağrı epidemiologiyasını, kəmiyyət sensor testini, insan ağrı modellərini və miqrende struktur beyin lezyonlarını özündə ehtiva edir.

Qeyd edək ki, Səid Aşina 2005-2010-cu illərdə Beynəlxalq Baş ağrısı Cəmiyyətinin Stajorlar və Rezidentlər Alt Komitəsinin, 2015-2016-cı illərdə Nyu-Yorkda  Lutheran Tibb Mərkəzi Tədqiqat Rəylər Şurasının, 2015-2016-cı illərdə Beynəlxalq Baş ağrısı Cəmiyyəti təqaüdünə nəzarət komitəsinin üzvü olub. 2010-cu ildən Beynəlxalq Baş Ağrıları Cəmiyyəti Təhsil Komitəsinin, 2011-ci ildən etibarən Baş ağrısı pozuntularının Beynəlxalq təsnifatının (ICHD-3 beta) alt komitəsinin, 2016-cı ildən Nyu-York Lanqon Tibb Mərkəzinin Tədqiqat İnkişaf Şurasının, 2017-ci ildən bu günədək Nyu-York Lüteran Tibb Mərkəzinin Təhsil Komitəsinin Nevroloji şöbəsinin üzvüdür.